Dövlət İmtahan Mərkəzi Qətərin Təhsil və Ali Təhsil Nazirliyi ilə əməkdaşlıq edəcək
Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Qətərin Təhsil və Ali Təhsil Nazirliyininin qiymətləndirmə şurasının müdiri Xalid Abdullah əl-Harqan, məktəblərin qiymətləndirilməsi idarəsinin rəisi Ömər Əbdüləziz əl-Nəamə ilə görüşüb.
Görüşdə M.Abbaszadə Azərbaycanda son illər dövlət idarəçiliyi sahəsində həyata keçirilən islahatların nəticəsi olaraq DİM-in yaradılması, fəaliyyəti barədə ətraflı məlumat verib. Qeyd edilib ki, mərkəz ali təhsil müəssisələrinə qəbul imtahanlarının təşkilində 25 illik təcrübəyə malikdir. Belə ki, abituriyentlərin bilikləri milli qiymətləndirmə sistemi vasitəsilə müəyyənləşdirilir. Bu cür sistemin fəaliyyəti həm cəmiyyət, həm də beynəlxalq qurumlar tərəfindən yüksək dəyərləndirilir. Ümumi orta təhsil bazasında təhsil alanların biliklərinin yekun qiymətləndirilməsi imtahanlarından da danışan Direktorlar Şurasının sədri bu imtahanların təşkili, yazı işlərini yoxlayan ekspert bazasının formalaşdırılması, materialların markerlər tərəfindən yoxlanılması, emalı və s. işlər barədə məlumat verib. Söhbət zamanı tərəflər arasında müxtəlif təyinatlı imtahanların keçirilməsi, eləcə də imtahan iştirakçılarının biliklərinin qiymətləndirilməsi üsulları haqqında əməkdaşlıq imkanları müzakirə edilib.
Sonra buraxılış imtahanları materiallarının yoxlanma prosesi, cavab kartları və vərəqələrinin "scan" olunması, imtahanda istifadə edilən sual kitabçalarının çap prosesinə aid videoçarxlar göstərilib. Diqqətə çatdırılıb ki, sual kitabçaları tam avtomatlaşdırılmış, çoxfunksiyalı çap sistemi vasitəsilə nəşr olunur. Hər bir imtahan iştirakçısı üçün fərdiləşdirilmiş qaydada çap edilmiş kitabçalar zallar üzrə qruplaşdırılıb paketlənir. Bu paketlər isə binalar üzrə qutulara yığılıb möhürlənir. Həmin proses insan müdaxiləsi olmadan qapalı rejimdə, müşahidə kameralarının nəzarəti altında həyata keçirilir. Qonaqlar imtahanların keçirilməsində və idarə edilməsində yeni texnologiyaların tətbiqi sahəsi üzrə əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər. Tərəflər arasında təcrübə mübadiləsinin aparılması istiqamətində qarşılıqlı səfərlərin təşkili barədə razılıq əldə olunub. (AZƏRTAC)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB