Abituriyentləri yeni sınaq gözləyir

Mayın 7-də I və IV ixtisas qruplarının abituriyentləri üçün qəbul imtahanı keçiriləcək 04.05.2017 [17:33]
Abituriyentləri yeni sınaq gözləyir

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 7-də 2017/2018-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək.

DİM-dən SİA-ya verilən məlumata görə, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmazda, ümumilikdə 56 binada aparılacaq. İmtahanların idarə olunmasına 206 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2 min 226 nəzarətçi-müəllim cəlb ediləcək. Bütün regionlarda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. İmtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan vermələri üçün zəruri şərait yaradılıb, imtahan binalarının girişlərində təhlükəsizliyin və buraxılış rejiminin operativliyinin təmin edilməsi üçün "stasionar metal axtaran aparat"lar quraşdırılıb. İmtahan mərkəzlərinə təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahandan bir gün əvvəl DİM və Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarının iştirakı ilə baxış keçiriləcək və bütün imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarına mühafizə üçün təhvil veriləcək.

İmtahanda 30 min 239 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 25 min 612 abituriyent I qrup üzrə, 4 min 627 abituriyent isə IV qrup üzrə imtahan verəcək. Abituriyentlərdən 27 min 353-ü Azərbaycan bölməsinin (I qrup üzrə 23266, IV qrup üzrə 4087 nəfər), 2 min 886-sı isə rus bölməsinin (I qrup üzrə 2346, IV qrup üzrə 540 nəfər) məzunudur. Abituriyentlərin 18 min 92-si oğlanlar (I qrup üzrə 16621 nəfər, IV qrup üzrə 1471 nəfər), 12 min 147-si isə qızlardır (I qrup üzrə 8991 nəfər, IV qrup üzrə 3156 nəfər). 23 min 844 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 5 min 658 nəfər əvvəlki illərin məzunlarıdır (buraya ali və ya orta ixtisas təhsili olanlar da daxildir). 66 nəfər ali təhsil müəssisələrinin, 671 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 163 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1962-ci ildən, ən gənci isə 2002-ci ildəndir.

Bakı şəhərində 13 min 721, Naxçıvanda 1089, Gəncədə 3 min 253, Sumqayıtda 1871, Mingəçevirdə 1366, Şəkidə 1921, Bərdədə 1309, Göyçayda 1277, Şirvanda 1295, Lənkəranda 1795, Xaçmazda isə 1342 abituriyentin imtahan verəcəyi gözlənilir.

İmtahanın gedişini işıqlandırmaq üçün 55-dək KİV nümayəndəsi DİM-də akkreditasiyadan keçib.

Bu imtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər aprelin 30-dan etibarən DİM-in internet saytına daxil olaraq "İmtahana buraxılış vərəqəsi"ni çap edirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara "Yaddaş kitabçası" da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat davam edəcək.

Abituriyentlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əslini, "imtahana buraxılış vərəqəsi"ni, 16 yaşı tamam olmamış (şəxsiyyət vəsiqəsində şəkli olmayan) abituriyentlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) gətirməlidirlər. Müvafiq sənədlərdən biri olmadıqda və ya onların arasında uyğunsuzluq qeydə alınsa abituriyent imtahana buraxılmayacaq.

İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkarlanan abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar. İmtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən test suallarının ekspertizası aparılacaq. Həmin gün "Space" telekanalında canlı yayımlanan "Abituriyent" verilişində DİM-in məsul əməkdaşları və ekspertləri tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları, eyni zamanda, DİM-in internet saytında və "Facebook" səhifəsində yerləşdiriləcək. Həmçinin abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri imtahandan 3-4 gün sonra DİM-in internet saytında yer alacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə