Jurnalistika imtahanına qeydiyyatdan keçmiş bakalavrların nəzərinə!

Jurnalistika imtahanına qeydiyyatdan keçmiş bakalavrların nəzərinə!

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsində 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və imtahanın ikinci mərhələsinə buraxılan bütün bakalavrlara bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olunmaq üçün müraciət etmək imkanı verilib.

Dövlət İmtahan Mərkəzindən (DİM) bildiriblər ki, həmin bakalavrlar bu il aprelin 21-dən 30‑dək DİM-in internet saytında qeydiyyatdan keçməli idilər. Bu müddət ərzində 46 bakalavr qabiliyyət imtahanında iştirak üçün qeydiyyatdan keçib. Onlardan 42-si Azərbaycan bölməsinin, dördü isə rus bölməsinin bakalavrlarıdır.

Onlar mayın 3–dən 6-dək qabiliyyət imtahanı verməlidirlər. Jurnalistika üzrə proqramı yalnız qabiliyyət imtahanında iştirak edən və "məqbul" qiymət alan bakalavrlar seçə bilərlər.

Qeydiyyatdan keçmiş bakalavrlar mayın 2-də "Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi"ni çap edib götürməli və mayın 3–dən 6-dək vərəqədə göstərilən vaxtda Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Asiya Universitetinin binasında) qabiliyyət imtahanında iştirak etməlidirlər.

Bakalavrlar qabiliyyət imtahanında iştirak üçün özləri ilə aşağıdakı sənədləri mütləq gətirməlidirlər: şəxsiyyətini təsdiqləyən sənədi;

"Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi"ni; dövri mətbuatda, radio və televiziyada, internet KİV‑lərdə yayımlanmış jurnalistika üzrə yazılarını (radio və televiziyada yayımlanmış çıxışlarının disk yazılarını) (qovluqda).

Qabiliyyət imtahanı haqqında ətraflı məlumat "Magistr" jurnalının builki üçüncü nömrəsində dərc edilib.

Qabiliyyət imtahanında hər bir bakalavra təxminən 1 saat (30 dəqiqə imtahan biletinə hazırlaşmaq və 30 dəqiqə biletin suallarını cavablandırmaq üçün) vaxt ayrılır. Hər bir bakalavr bilet çəkməklə Qabiliyyət İmtahanı Komissiyası (QİK) qarşısında cavab verir. Redaksiya tapşırığı yazılı formada yerinə yetirilir. Hər bir biletin quruluşu təxminən aşağıdakı kimidir: bakalavrın dövri mətbuatda, radio və televiziyada, internet KİV-lərdə yayımlanmış jurnalistika üzrə yazılarına baxış və onların qiymətləndirilməsi; şifahi müsahibə; bakalavrın ona imtahanda təqdim edilən mətbuat materialını təhlil və redaktə etməsi; imtahanda verilmiş redaksiya tapşırığının bakalavr tərəfindən yerinə yetirilməsi.

QİK üzvləri bakalavrın dövri mətbuatda, radio və televiziyada, internet KİV-lərdə yayımlanmış jurnalistika üzrə yazılarını nəzərdən keçirir, onları təhlil edir və qiymətləndirirlər.

QİK üzvləri imtahan verən hər bir bakalavrın ümumi dünyagörüş səviyyəsini, dünyada və ölkəmizdə cərəyan edən hadisələrdən və ictimai-siyasi proseslərdən xəbərdar olub-olmamasını, jurnalistikaya marağını, motivasiyasını, jurnalistika üzrə nəzəri biliklərini və s. müəyyənləşdirmək məqsədi ilə təqdim edilmiş ədəbiyyat (mənbələr) çərçivəsində ona müvafiq suallar verirlər.

Bakalavr ona imtahanda təqdim edilən mətbuat materialını təhlil və redaktə edir.

Bakalavr imtahanda verilmiş redaksiya tapşırığını yazılı şəkildə yerinə yetirir.

Bakalavrın biletin hər bir bəndi üzrə cavabı beşballıq şkala üzrə qiymətləndirilir (4 bənd üzrə maksimum bal: 20). Biletin hər bir bəndi üzrə ən azı üç, bilet üzrə ümumilikdə isə 12 və daha çox bal toplamış bakalavrlar imtahandan "məqbul" qiymət almış hesab edilirlər və proqram seçimi zamanı jurnalistika üzrə 44 nömrəli proqramı seçmək hüququ qazanırlar. Onlar imtahanın ikinci mərhələsində həmin proqram üzrə imtahan verərək inşa (esse) yazırlar. Bu bakalavrlardan ikinci mərhələ üzrə və ümumi müsabiqə şərtini ödəyənlər ixtisaslaşma seçimi zamanı jurnalistika üzrə ixtisaslaşmaları seçə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə