ADU-da Əziz Əliyevin xatirəsi anılıb

Bu gün Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən universitetin Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin təşkilatçılığı ilə "Əziz Əliyev Azərbaycanın görkəmli ictimai-siyasi xadimi kimi" mövzusunda dəyirmi masa keçirilib.

ADU-dan SİA-ya verilən məlumata görə, Regionşünaslıq kafedrasının müdiri, dosent Sevdagül Əliyeva "Əziz Əliyevin Dağıstandakı fəaliyyəti", Sosial elmlər kafedrasının müdiri, dosent Ədalət Abdiyeva "Əziz Əliyevin Azərbaycandakı inkişaf rolu", adıçəkilən kafedranın dosentləri Şəlalə Bağırova "Əziz Əliyevin Cənubi Azərbaycanda fəaliyyəti", Qorxmaz Mustafayev isə "Əziz Əliyevin həyat və fəaliyyəti" mövzusunda çıxış ediblər. Onlar Ə.Əliyevin müxtəlif məsul vəzifələrdə dövlət idarəçiliyinin təkmilləşdirilməsində səmərəli fəaliyyətindən, respublikada səhiyyə sisteminin və tibb təhsilinin formalaşdırılmasına verdiyi layiqli töhfələrdən, İkinci Dünya müharibəsi illərində apardığı işlərin mühüm hərbi-siyasi əhəmiyyətindən, Azərbaycan və Dağıstan xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi sahəsindəki xidmətlərindən bəhs edib, dövlət xadimi kimi gördüyü işlər və repressiya dövrü haqqında məlumat veriblər. Natiqlər, eyni zamanda Ə.Əliyevin Dağıstandakı fəaliyyətindən söz açaraq onun hər zaman dağıstanlılar tərəfindən sevildiyini, bunun bariz nümunəsi kimi Ə.Əliyevin xatirəsini əbədiləşdirmək məqsədi ilə orada heykəlinin ucaldıldığını da vurğulayıblar.

Belə tədbirlərin keçirilməsinin vacib və əhəmiyyətli olduğunu bildirən Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin dekanı, dosent Samir Həmidov Azərbaycanın tarixi şəxsiyyətlərinin öyrənilməsinin vacib olduğunu vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...