Qərb Universiteti Avropanın nüfuzlu universitetləri ilə birgə həyata keçirdiyi tərəfdaşlıq layihələri çərçivəsində ikili diplomlar təqdim edir. Universitet 2015-ci ildən Böyük Britaniyanın "Koventri", 2016-cı ildən bu ölkənin Sinqapurda yerləşən "London Biznes və Maliyyə Məktəbi" və İsveçrədə yerləşən Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti (UBIS) və bu ildən etibarən Çexiyanın "NEWTON College" Universiteti ilə birlikdə ikili diplom layihələrini həyata keçirir.

Böyük Britaniyada 15 ən yaxşı universitet sırasında olan Koventri Universiteti dövlət ali təhsil müəssisəsidir. Saziş əsasında yaradılan proqramla tələbələr "İşgüzar inzibatçılıq" ixtisası üzrə 4 il ərzində 2 müxtəlif bakalavr dərəcəsi ala bilirlər.

Sinqapurda yerləşən "London Biznes və Maliyyə Məktəbi" ilə əməkdaşlığa əsasən isə tələbələr bir il ərzində Sinqapurda 8 intensiv modul keçib, bu ölkənin tanınmış otel və kurortlarında ödənişli təcrübə proqramında iştirak edə bilirlər.

İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti (UBIS) ilə isə MBA proqramı çərçivəsində əməkdaşlıq edilir. Proqram çərçivəsində dərslər Qərb Universiteti və UBIS-in professor-müəllim heyəti tərəfindən aparılır. Təhsil proqramının yekununda məzunlar hər iki universitetin magistr diplomlarını əldə edirlər.

Son olaraq isə Çexiyanın "NEWTON College" Universiteti ilə də bu istiqamətdə əməkdaşlıq barədə razılıq əldə olunub.

Beləliklə, məzunlar üç il Qərb Universitetində, bir il isə "NEWTON College" Universitetində təhsil almaqla ikili diploma sahib ola biləcəklər.

Onu da əlavə edək ki, Qərb Universitetinin xaricdə təhsil layihəsi qısa və uzunmüddətli dövrdə xaricdə təhsil proqramlarında iştirak etmək imkanı yaradır. Hazırda Erasmus plyus mübadilə layihəsi çərçivəsində universitetin tələbələri Çexiya, Polşa, Latviya, Rumıniya, Türkiyə, İrlandiya kimi ölkələrin aparıcı universitetlərində təhsil ala bilirlər.

Ümumiyyətlə, beynəlxalq əməkdaşlıq, iki və çoxtərəfli layihələr baxımından uzunmüddətli təcrübəyə malik olan Qərb Universitetinin beynəlxalq şəbəkəsi 200-dən artıq təhsil müəssisəsini əhatə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə