"Qəbul imtahanlarına Azərbaycan tarixi fənni salınmalıdır” MÜTƏXƏSSİS RƏYİ
"Qəbul imtahanları ilə bağlı hər il həyata keçirilən dəyişiklik sistemi pozur, çaşqınlıq yaratmaqla yanaşı, insanın daxili inamını zəiflədir. Ona görə də istər pedaqoji fəaliyyətdə, istər sınaq, buraxılış və ya qəbul imtahanlarında uzaq perspektivi nəzərə alan sistemi, proqramı, xəritəsi olmalıdır". Bunu SİA-ya açıqlamasında təhsil üzrə mütəxəssis Əjdər Ağayev deyib.
Onun sözlərinə görə, imtahanlar həm intellektuallıq, həm vətəndaş mövqeyi, həm də ölkənin sosial iqtisadi perspektiv inkişafı baxımından tələbləri ödəməlidir: "Lakin bizdə həm buraxılış, həm də qəbul imtahanları pedaqoji cəhətdən tələbləri ödəmir. Məsələn imtahanlara Azərbaycan tarixi fənni salınmır. Bütün tələbələr tariximizi bilməli, mükəmməl öyrənməlidir.
Çünki, ölkənin keçmişi, inkişafı yolu, şəhidləri, qəhrəmanları, problemləri məhz tarix fənnində cəmləşib. Təəssüf ki, bu bütün dünyada vacib sayıldığı halda, Azərbaycanda vacib sayılmır ".
Pedaqoqika elminin öyrənilməsinin vacibliyini qeyd edən Ə. Ağayev söyləyib ki, imtahanlar həyəcansız keçirilməlidir: "İmtahanlarda təhsil elminin mahiyyəti, prinsipləri, tələbləri nəzərə alınmadığı üçün pərakəndəlik yaranır ki, bu da nəticə etibarı ilə narazılıqlara, inamsızlıqlara gətirib çıxarır. İmtahanlar bir proqram üzrə uğurla həyata keçirilməlidir. Təhsilin öz sistemi və tələbləri var. Təzə sistemə, nələrinsə xaricdən gətirilməsinə ehtiyac yoxdur. Bizim zəngin təcrübəmiz olub, həmin təcrübənin mütərəqqi cəhətləri, innovasiya, texnologiyadan, yeniliklərdən gələn tələblər də daxil olmaqla imtahanlar ənənə və müasirlik prinsipi altında həyata keçirilməlidir. Biz öz sistemimizdən əl çəkməməliyik. Təhsilin inkişafında inqilabi yoldan istifadə etmək olmaz. Bu yol tədrici, ənənələrimizə söykənərək, dilimizi, elmimizi, tariximizi bilərək müasirlik də üstünə gəlməklə inkişafa doğru uzanmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB