9 illik bazadan kolleclərə sənəd qəbulu başa çatır

Sabah Azərbaycanda 9 illik bazadan kolleclərə sənəd qəbulu başa çatır. SİA-nın xəbərin görə, 2017/2018-ci tədris ilində ümumi orta təhsil bazasında (9-illik) orta ixtisas təhsili müəssisələrində təhsil almaq üçün bu gün saat 11:00-dək 12988 abituriyent sənəd verib. Onlardan 12506 nəfəri Azərbaycan, 482 nəfəri isə rus dili bölməsinin məzunudur. Orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu martın 14-dən aprelin 4-dək internet vasitəsilə aparılır. Ərizə qəbulu sabah saat 17:00-da başa çatacaq.

Ümumi (9 illik) orta təhsil səviyyəsini əvvəlki illərdə bitirən və təhsil haqqında sənəd alan və ya ümumi orta təhsil səviyyəsini Azərbaycanın hüdudlarından kənarda yerləşən təhsil müəssisələrində bitirən abituriyentlər müsabiqədə iştirak etmək üçün ana dili (Azərbaycan dili və ya rus dili) və riyaziyyat fənlərindən qəbul imtahanı verirlər. Ümumi (9 illik) orta təhsil səviyyəsini Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində cari ildə bitirən abituriyentlər qəbul imtahanı vermirlər və müsabiqədə ana dili (Azərbaycan dili və ya rus dili) və riyaziyyat fənlərindən buraxılış imtahanında (9-cu siniflər üzrə) əldə etdikləri nəticələr əsasında iştirak edirlər.

Əvvəlki illərin məzunları üçün qəbul imtahanı iki mərhələdə keçirilir. Qəbul imtahanının I mərhələsi aprelin 16-da, II mərhələsi isə iyun ayında təşkil olunacaq. İxtisas seçimi qəbul imtahanı (hər iki mərhələ üzrə) nəticəsində ümumi balı 40-dan və hər bir fənn üzrə balı 20-dən az olmayan abituriyentlər buraxılır.

9 illik bazadan orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə elektron qeydiyyat 7 – 18 iyul, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı isə 19 – 23 iyul tarixlərində aparılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə