Məktəbəhazırlıq da elektron qəbulla həyata keçiriləcək

Məktəbəhazırlıq da elektron qəbulla həyata keçiriləcək
"Son illərə nəzər salsaq görərik ki, rus bölməsi ilə bağlı kəskin artım və ya azalma müşahidə olunmayıb. Artıq rus bölməsi ilə bağlı müəllimlər, şagird komplektləşləməsi, proqnoz sistemə yerləşdirilib. Güman edirik ki, bu il rus bölmələrinə qəbulla bağlı ciddi problemlər yaşanmayacaq". SİA-nın xəbərinə görə, bu fikirləri Bakı şəhər Üzrə Təhsil İdarəsinin Ümumtəhsil sektorunun müdiri Lamiyə Şərəfxanova deyib. Bakı şəhərinin tabeliyində 307 məktəbin olduğunu deyən sektor müdiri bildirib ki, onlardan 298-də I sinfə qəbul həyata keçirilir: "Bu tədris ilində 261 məktəbdə ödənişsiz məktəbəhazırlıq qrupu açılıb. Qəbulun 298 məktəbdə olduğunu nəzərə alsaq deyə bilərik ki, yeni tədris ilindı rus bölməsinə rahat şəkildə qəbul aparəlacaq. Valideynlər elektron qeydiyyatdan keçərkən təlim dili rus dili seçsələr həmin məktəbə qəbul olunacaq. Bilirsiniz ki, yayda müəllimlərin işə qəbulu aparılır. Eyni müəllimlər məktəbəhazırlığı, ibtidai sinifi tənzimləyir. Bundan əvvəlki tədris ilində rus dili ilə bağlı məktəbəhazırlıqda hansısa kadr problemi yarana bilərdi. Lakin iyul ayında yenidən müəllimlərin işə qəbulu həyata keçiriləcəyindən rus bölmələri ilə bağlı hansısa problemin yaşanacağı gözlənilmir. Yeni tədris ilində məktəblərə yeni kadrlar cəlb ediləcək, həmçinin məktəbəhazırlığı tənzimləyən müəllimlər ibtidai siniflərə cəlb olunacaq. Bununla da rus bölməsi ilə bağlı problem həll ediləcək". Sektor müdiri qeyd edib ki, bu il 20 mindən yuxarı 5 yaşlı uşaqların məktəbə hazırlığı təmin edilib: "Bu il mövcud sayın imkanlardan asılı olaraq bir qədər də artıq sayda uşaqların hazırlıq qruplarına cəlb edilməsi nəzərdə tutulur. Bu il məktəbəqədər hazırlıq qrupuna cəlb olunacaq uşaqların sayı 65%-ə çatdırılacaq. Yeni tədris ilində məktəbəhazırlıq elektron qəbul sistemi vasitəsilə həyata keçiriləcək". Ötən il Bakıda 44 min şagird qəbulun olduğunu dilə gətirən L.Şərəfxanova söyləyib ki, son 3 ilin statistikasında kəskin artım və ya azalma müşahidə olunmadığına görə bu il 44 min civarında şagirdin qəbulu nəzərdə tutulur: "Məktəblərin maddi-texniki sistemi və ya elektron sistem bu qəbulu həyata keçirməyə imkan verəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə