Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə imtahan qiymətlərinin müəyyənləşməsinə münasibət bildirib. SİA-nın məlumatına görə, M.Abbaszadə jurnalistlərə açıqlamasında deyib ki, imtahan qiymətləri müəyyən edilərkən ilk növbədə indiyə qədər büdcədən imtahanlara ayrılan pul və Dövlət İmtahan Mərkəzinin hər bir namizədə xərclədiyi məbləğ hesablanıb.
Onun sözlərinə görə, imtahan qiymətlərində texnoloji, texniki dəyişikliklər, imtahanların keyfiyyətinin yüksəldilməsi üçün görüləcək tədbirlər də öz əksini tapıb: "Bu ilki məzunlar, yəni kim ilk dəfə imtahan üçün müraciət edəcəksə, həmçinin indiyə qədər imtahanda iştirak etməyən əvvəlki illərin məzunları imtahana dövlət hesabına qatılacaq. Tariflər müəyyənləşməli idi, çünki biz dövlət tərəfindən yaradılmış publik hüquqi şəxsik, amma dövlət tərəfindən maliyyələşmirik".
O deyib ki, bu il qaydalara əsasən abituriyentlər ikinci dəfə imtahan verə bilər: "Amma heç kim onları məcbur etmir ki, ikinci dəfə imtahan versin. İmtahana hazırlıqlı gəlmək lazımdır".
M.Abbaszadə keçən il ali məktəblərə 88 min sənəd verildiyini, bu il də təxminən o qədər abituriyentin sənəd verəcəyinin gözlənildiyini əlavə edib. Həmin şəxslərin təxminən 70 mini ilk dəfə imtahan verənlərdir. Sədr əsas iştirakçıların dövlət hesabına pulsuz imtahan verəcəklərini vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB