Qərb Universitetində Xalq yazıçısı ilə görüş keçirilib

Qərb Universitetində Xalq yazıçısı ilə görüş keçirilib

Qərb Universitetində Xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib. SİA-nın məlumatına görə, görüşdə yazıçı öz yaradıcılığı barədə danışıb, müasir cəmiyyətimizi qayğılandıran bir sıra məsələlərlə bağlı mülahizələrini diqqətə çatdırıb, uğur hekayəsini bölüşüb. Müasir ədəbiyyatın problemlərindən bəhs edən yazıçı ədəbiyyat-oxucu münasibətlərinin hazırkı vəziyyətini, perspektivlərini şərh edib. Yazıçı bildirib ki, yaradıcı insan heç vaxt təvazökar ola bilməz: "Mən istəyirəm ki, kitablarımı oxusunlar. Ən məşhur yazıçı belə daha çox oxucusunun olmasını arzulayır. Necə ki, bəstəkar musiqisini dinləyənlərin, rəssam əsərlərinə tamaşa edənlərin sayının çox olmasını istəyir. Mənim kitablarım 32 dildə çap olunub. Xarici ölkələrdə kitabımın nəşr olunması əlbəttə ki, məni sevindirir".

Ç.Abdullayev rus dilində yazmasına da toxunub: "Tarixdə başqa dillərdə yazan məşhur yazıçılar olub. Çingiz Aytmatov qırğız dilində bir cümlə belə yazmayıb, Oljas Sülüymanov qazax dilində heç bilmir, amma rusca yazırlar bu insanları heç kim demir ki, rus yazarlarıdır. Füzuli 3 dildə yazıb, ancaq Azərbaycanın şaidirifir.

Daha sonra Ç.Abdullayev tələbələrin çoxsaylı suallarını cavablandırıb.

Yazıçı Qərb Universitetinin tələbələrinə onun yaradıcılığına göstərdikləri marağa görə minnətdarlığını bildirib, tələbələrin intellektual səviyyəsini, müxtəlif dillərdə mütaliə etmələrini və ümumilikdə mütaliəyə verdikləri əhəmiyyəti alqışladığını qeyd edib.

Sonda Universitetin professor-müəllim, tələbə heyəti adından yazıçıya xatirə hədiyyəsi təqdim olunub. Tələbələr öz sevimli yazarları ilə fotolar çəkdiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə