Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının növbəti iclası keçirilib. DİM-dən bildiriblər ki, iclasın gündəliyi Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamı, mərkəzin elektron xidmətlərindən istifadə etmək üçün yaradılan "Şəxsi kabinet" və ödəmə üsulları, imtahanda iştirak üçün ödəniləcək məbləğ, növbəti tədris ili üçün nəzərdə tutulan dəyişikliklər, SAT imtahanı nəticələri əsasında aparılan müsabiqə və digər məsələlərin müzakirəsindən ibarət olub.
Tədbirdə DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə qeyd edib ki, Prezident İlham Əliyevin çoxcəhətli dövlətçilik fəaliyyətində mühüm yer tutan istiqamətlərdən biri də gənclər siyasətidir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti hazırda dövlətimizin başçısının rəhbərliyi ilə milli maraqlara uyğun davam etdirilir. Bu istiqamətdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən də ardıcıl olaraq mühüm proqramlar reallaşdırılır. Dövlətimizin başçısının tapşırıqlarına əsasən, gənclərin ali və orta ixtisas təhsili alması imkanlarının genişləndirilməsi məqsədilə tələbə qəbulu sahəsində bir sıra tədbirlər, islahatlar həyata keçirilir. Bu islahatlar çərçivəsində ən vacib sənədlərdən biri Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamıdır. Bu sənədin əsas məqsədi əhalinin sosial müdafiəsini daha da gücləndirmək, maddi vəziyyətindən asılı olmayaraq şəxslərin təhsilini davam etdirməsini təmin etmək, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunu stimullaşdırmaqdır. Sərəncamdan faydalana biləcək abituriyentlər haqqında məlumat verən M.Abbaszadə vurğulayıb ki, təqribən 70 minədək abituriyentin imtahanda iştirak üçün ödəyəcəyi məbləğin dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi gözlənilir.
Sonra M.Abbaszadə DİM-in mütəxəssisləri tərəfindən işlənib hazırlanmış və dim.gov.az saytında yerləşdirilmiş "Şəxsi kabinet" və ödəniş üsulları barədə məlumat verib. Diqqətə çatdırılıb ki, DİM-in elektron xidmətlərindən faydalanmaq istəyən hər bir istifadəçinin (abituriyentin, bakalavrın, namizədin) "şəxsi kabineti" olmalıdır. "Şəxsi kabinet" bir dəfə yaradılır və daimi istifadə edilə bilər. İstifadə edilmiş xidmətlər, imtahan nəticələri və digər məlumatlar istifadəçinin "şəxsi kabineti"ndə əksini tapacaq. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Hesaba lazımi miqdarda vəsait əlavə etmək üçün müxtəlif ödəniş üsullarından faydalanmaq olar. Vəsait DİM tərəfindən göstərilən xidmətlərin ödənilməsi üçün istifadə edilir.
İclasda, həmçinin DİM tərəfindən Tarif Şurasına imtahanların keçirilməsi ilə bağlı təqdim olunmuş qiymətlər barədə şura üzvlərinə məlumat verilib. Hazırda imtahanlarda iştirak üçün ödəniləcək məbləğlərlə bağlı DİM və Tarif Şurasının mütəxəssisləri tərəfindən dəqiqləşdirmələr aparılır. Bu işlər başa çatdıqdan sonra qiymətlər ictimaiyyətə elan olunacaq.
Tədbirdə yeni nəşr olunmuş "Azərbaycan dili" və "Russkiy yazık" fənləri üzrə vəsaitlər təqdim edilib. Qeyd olunub ki, vəsaitlər buraxılış imtahanlarına hazırlaşan IX və XI sinif şagirdləri, eləcə də qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün etibarlı mənbədir. Vəsaitlər iki hissədən ibarətdir. Birinci hissədə yeni təhsil proqramı (kurikulum) və qiymətləndirmə tapşırıqları, ikinci hissədə isə qapalı və açıqtipli test tapşırıqları dərc edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB