“Beynəlxalq ana dili günü”nə həsr olunan bilik olimpiadası keçirilib FOTOLAR

“Beynəlxalq ana dili günü”nə həsr olunan bilik olimpiadası keçirilib FOTOLAR

Bu gün YAP Suraxanı rayon təşkilatının Qadınlar Şurasının təşəbbüsü ilə "Beynəlxalq ana dili günü"nə həsr olunmuş rayon məktəbliləri arasında bilik olimpiadası keçirilib. SİA-nın xəbərinə görə, YAP Suraxanı rayon təşkilatının Qadınlar Şurasının sədri Zəkiyyə Musayeva, YAP Suraxanı rayon təşkilatının Aparat rəhbəri Fərman Rəsulov, təşkilatın təlımatçı Kürsüm Həsənova, YAP Gənclər Birliyinin sədri Kənan Kərimov və rayon məktəblərinin 9-10 sinif şagirdləri, dil-ədəbiyyat müəllimləri iştirak ediblər.

Tədbirdə ilk çıxış edən YAP Suraxanı rayon təşkilatının Qadınlar Şurasının sədri Zəkiyyə Musayeva "Beynəlxalq ana dili günü" nun yaranma tarixi haqqında məlumat verib.

O bildirib ki, Birləşmiş Millətlər Təşkilatı 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə fevralın 21-ni Beynəlxalq Ana dili günü elan edib: "Bu gün dünyanın bir çox yerində qeyd olunur. Dünyanın ana dili uğrunda belə qətiyyətlə mübarizəyə qalxması çox mühüm əhəmiyyət kəsb edir. Bir daha təsdiqlənir ki, həm nitqimizdə, həm də yazılarımızda ədəbi dilin tələblərinə tabe olmaq, onun qayda-qanunlarına əməl etmək hər birimizin vətəndaşlıq borcudur.

Z. Musayeva vurğulayıb ki, Azərbaycan Konstitusiyasına görə, heç kəs Ana dilindən istifadə hüququndan məhrum edilə bilməz: "Azərbaycan Konstitusiyasının 45-ci maddəsi ilə hər kəsin Ana dilindən istifadə etmək, istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ təsbit olunur. Ümummilli Lider Heydər Əliyev tərəfindən 2002-ci il 30 sentyabr tarixində "Azərbaycan Respublikasında Dövlət dili haqqında" qanunun qəbul edilməsi Ulu Öndərin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir. Bu ənənələr ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir".

Daha sonra çıxış edən F. Rəsulov vurğulayıb ki, dil insanın mənəvi aləminin əks-sədasıdır: "Ulu Tanrının insana bəxş etdiyi ən ecazkar və qüdrətli nemətdir. Dil hər bir millətin, xalqın varlığı deməkdir. Dünyada yüzlərlə dil mövcuddur. Doğma ana lisanımız olan Azərbaycan dili isə bizim üçün bu dillərin sırasında ən möhtəşəmidir. Ana dilimizi qorumaq, inkişaf etdirmək bizim də borcumuzdur".

Daha sonra olimpiadaya start verilib. Yarışmada 33 məktəbli iştirak edib.

76 nömrəli tam orta məktəbin şagirdi Əliyev Məhəmmədəli Nəriman oğlu I, 316 nömrəli tam orta məktəbin şagirdi Aslanova Jalə Bəhruz qızı II, 85 nömrəli tam orta məktəbin şagirdi Şərifzadə Aydan Əjdər qızı isə III yerə layiq görülüblər. Qaliblər YAP Suraxanı rayon təşkilatı tərəfindən fəxri fərman və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə