Əjdər Ağayev: "Bu qərar təhsil sahəsində mütərəqqi addımdır" MÜNASİBƏT
"Bildiyiniz kimi, ölkəmizdə 18 yaşına çatdıqdan sonra valideyn dəstəyindən məhrum olan uşaqlar ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil ala bilmirdilər. Lakin bu qərardan sonra həmin şagirdlə təhsillərini dövlət hesabına davam edəcəklər. Bu baxımdan hesab edirəm ki, Konstitusiya Məhkəməsinin bu qərarı təhsil sahəsində mütərəqqi addımdır". Bunu SİA-ya açıqlamasında təhsil üzrə ekspert Əjdər Ağayev deyib.
Təcrübəsi müddətində dəfələrlə belə hallarla rastlaşdığını deyən Ə. Ağayev söyləyib ki, yeni qərar sözügedən şagirdlərin ali məktəblərdə təhsil almasını asanlaşdıracaq: "Ümumiyyətlə, ölkəmizdə valideyn himayəsindən məhrum olan uşaqlar daim dövlətin diqqətindədir. Bilirsiniz ki, həm paytaxtda, həm də Gəncədə SOS uşaq kəndləri fəaliyyət göstərir ki, orada valideyn himayəsindən məhrum olan uşaqlar orta məktəbi bitirənə kimi ailə şəklində yaşayırlar. Bundan əvvəl həmin kənddə təhsilini başa vuranların yaşayış yerləri belə yox idisə, hazırda həmin uşaqlar dövlət tərəfindən evlə təmin olunurlar. Konstitusiya Məhkəməsinin son qərarı da məhz bu qəbildən olan addımların davamıdır. Artıq 18 yaşına çatdıqda valideyn himayəsindən məhrum olan şagirdlər evlə təmin olunmaqla yanaşı, dövlət hesabına pulsuz təhsil almaq imkanı qazanırlar. Bu, təhsilimiz üçün çox faydalıdır".
"Valideynsiz uşaqlara fərdi yanaşmaq lazımdır. Təhsilə münasibət məsələsi təkcə valideyn qayğısından asılı deyil. Bu, uşağın genetik imkanları, maraq və qabiliyyətindən asılı olan məsələdir. Fərdlər müxtəlif doğulur və ağıl səviyyəsinə görə də fərqli olur. Hər halda, valideynin olması şəraitin yaradılmasına imkan yaradır. Bəzən gənc insan şəraitsizlikdən bezə və bezdiyinə görə də yaxşı işin arxasınca getmir. Amma valideyn himayəsindən məhrum uşaqlar arasında o qədər qabiliyyətli savadlı uşaqlar da var ki, onların təhsil almasına yaradılan şərait gələcəkdə ölkəmiz üçün də faydalı ola bilər. Azərbaycanın bütün sahələrdə öz modeli var. Yeni qərarın verilməsi də ölkəmiz üçün çox müsbət addımdır"- deyə, təhsil eksperti əlavə edib.
Məlumat üçün nəzərinizə çatdıraq ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin son plenium iclasında verilən qərara əsasən Azərbaycanda 18 yaşına çatdıqdan sonra valideyn dəstəyindən məhrum olan uşaqlar dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla əyani formada təhsillə əlaqədar ixtisaslara qəbul olduqda, təhsil haqlarından azad olacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB