Məhəbbət Vəliyeva: "Ətraf qəsəbələrdə yaşayanlar qızlarını 6-7 sinifdən sonra məktəbə qoymurlar"

Məhəbbət Vəliyeva: "Ətraf qəsəbələrdə yaşayanlar qızlarını 6-7 sinifdən sonra məktəbə qoymurlar"

"Bu gün uşaqların məktəblərdə təhsil alması üçün hər cür şərait yaradılıb. Lakin məktəbdə də ailədaxili problemlərlə üzləşmək mümkündür. Bir çox hallarda münaqişələrlə bol olan ailələrdən gələn uşaqların təhsilə adaptasiya o qədər asan olmur". SİA-nın xəbərinə görə, bunu Bakı Şəhər üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva Milli Məclisdə "Ailədaxili münaqişələrin yaranma səbəbələri və onların aradan qaldırılması yolları" mövzusunda keçirilən dəyimi masada çıxış edərkən deyib.

Onun sözlərinə görə, məktəb uşaqların vəziyyətini təhlil etməklə onun ailəsində problemlərinin olduğunu daha tez müəyyənləşdirə bilir: "Lakin biz məktəbdə problemlə qarşılaşan uşaqlara kimin kömək edəcəyini düşünməliyik? Bakı şəhərində idarəmizin tabeliyində 307 ümumtəhsil məktəbi var ki, onlarda 286 psixoloq fəaliyyət göstərir. Həmin psixoloqların ötən il bilik, bacarığı qiymətləndirilərək, səviyyəsi müəyyənləşib. Bu zaman 286 məktəb psixoloqunun yalnız 24 nəfərinin peşəkar olduğu müəyyənləşib".

M. Vəliyeva bu gün psixoloqların məktəbdə çalışmaq istəmədiyini təəssüflə qeyd edib: "Bunun səbəbi əmək haqqının az olmasıdır. Təxminən 180 manat əmək haqqının müqabilində 2 minə yaxın şagirdi olan məktəbdə 1 psixoloqun fəaliyyət göstərməsi mümkün deyil. Ailədaxili problenmlərin artdığını nəzərə alsaq, görərik ki, məktəb psixoloqunun üzərinə çox ağır yük düşür. Bu baxımdan həm valideyn, həm uşaqlar, həm təhsil verənlərin özləri, həm də müxtəlif yaş qruplarını əhatə edən proqramların hazırlanmasına çox ciddi ehtiyac var. Bu gün məktəblərdə təkcə psixoloq deyil, təhsil verənlərin özləri, eləcə də valideynlərlə ayrıca işlənməlidir. Valideynlər geniş auditoriyadır. Yalnız analar deyil, atalar da təhsilə cəlb olunmalıdır. Bu gün valideyn iclaslarına yalnız analar gəlir. Bu da uşaqların təhsili ilə daha çox qadınların məşğul olduğunu göstərir. Bu baxımdan atalar maarifləndirilməlidir".

Ailə daxili problemlərin uşaqların təhsilə davamiyyətinə də təsir etdiyini dilə gətirən M. Vəliyeva qeyd edib ki, bəzən valideynlər hər hansı problemə görə uşağını dərsdən yayındırır: "Belə hallara tez-tez rast gəlinir. Hazırda Təhsil Nazirliyi tərəfindən ümumtəhsilin informasiya sistemi təkmilləşdirilir. Artıq oradakı məlumat hər bir uşağın şəxsiyyət vəsiqəsi əsasında bazaya daxil ediləcək. Bu, eyni zamanda uşaqların məktəbdən yayınma hallarının aradan qaldırılmasına imkan yaradacaq. Bununla yanaşı, Bakı ətrafı qəsəbələrdə yaşayanlar 6-7 sinifdən sonra qız uşaqlarını məktəbə buraxmırlar. Bu zaman uşaqların təhsil almaq hüququ pozulur. Belə olan halda valideynlərin məsuliyyətini artıran tədbirlər genişləndirilməlidir. Misal üçün bu yaxınlarda Qala qəsəbəsində məktəbə gələn uşaqların dərsə davamiyyətinin zəifliyini müzakirə etdikdə gördük ki, orada valideynlər qızlarını oxumağa qoymurlar. Bəzən məktəblər uşaqlara qarşı zorakılıq halları zamanı valideynə irad bildirildikdə valideyn polisə şikayət edir. Bu baxımdan məktəbin burada mövqeyi müəyyənləşdirilməli, uşaqların hüquqları pozulduqda məktəb valideynin iradəsi olmadan polisə müraciət etmək hüququna malik olmalıdır. Uşaqların gələcəyi məktəbi narahat edir. Uşaqların həyatı təhlükəsizliyi məsələsinə də diqqət artırılmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə