Dövlət İmtahan Mərkəzi tərəfindən Bakı şəhəri üzrə Xəzər, Xətai, Suraxanı, Sabunçu və Nizami rayonları, eləcə də Şəki, Xaçmaz, Şirvan, Gədəbəy, Zaqatala, Zərdab, Neftçala, Masallı, Qusar, Tovuz, Qazax, Ağstafa, Qəbələ, Füzuli, Quba, Astara, Beyləqan rayonları üzrə imtahanlara zal nəzarətçisi kimi cəlb olunması nəzərdə tutulan müəllimlər üçün 23-27 yanvar tarixlərində seminar-məşğələlər keçirilib. DİM-dən SİA-ya verilən xəbərə görə, qurumun mərkəzi aparatının və regional bölmələrinin əməkdaşları tərəfindən aparılan seminarlara 22 rayon üzrə 676 təhsil müəssisəsindən 1504 nəzarətçi‑müəllim cəlb edilib. Müxtəlif səbəblərdən seminarlarda iştirak edə bilməyən 139 nəzarətçi-müəllim qrafikə uyğun olaraq növbəti rayonlar üzrə keçiriləcək seminar-məşğələlərə dəvət edilib.

İmtahan proseduralarının daha səmərəli izahını təmin etmək üçün məşğələlər 20‑25 nəfərlik qruplarla keçirilib. Nəzarətçilərin imtahan prosesi ilə əyani surətdə tanış olması məqsədilə imtahan texnologiyasına aid film nümayiş etdirilib, imtahanın gedişi ilə bağlı qaydalar izah edilib, rast gəlinən hallar və onların həlli yolları sorğu-suallar vasitəsilə interaktiv şəkildə təhlil edilmiş və nəzarətçi-müəllimlərin şəxsi anket məlumatları dəqiqləşdirilib.
Seminar iştirakçıları DİM tərəfindən sınaq imtahanlarına cəlb olunacaqlar. Bu da onların seminarlarda əldə etdikləri nəzəri bilikləri təcrübədə tətbiq etmələrinə kömək edəcək. Sınaq imtahanlarında nəzarətçi kimi özünü doğruldan müəllimlər test imtahanlarına cəlb olunacaqlar.
Qeyd edək ki, növbəti seminarlar müxtəlif ali təhsil müəssisələrinin və AMEA‑nın nəzdində olan elmi-tədqiqat institutlarının əməkdaşları üçün 30 yanvar – 2 fevral tarixlərində Dövlət İmtahan Mərkəzinin inzibati binasında keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB