BMT təhsil sahəsində Azərbaycanla birgə kampaniyaya başlayıb

BMT təhsil sahəsində Azərbaycanla birgə kampaniyaya başlayıb

"Azərbaycanda təhsil qurumlarına yüksək dəstək göstərilir". SİA-nın xəbərinə görə, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsi Qulam İsakzai UNEC-də "Təhsilin sosial-iqtisadi inkişafında rolu" mövzusunda konfransda çıxışı zamanı deyib. BMT-nin İnkişaf Proqramının bir sıra ali təhsil müəssisələri ilə əməkdaşlıq etdiyini deyən Q.İsakzai bildirib ki, əsas məqsəd keyfiyyətli təhsildir: "Heç kim təhsildən geri qalmamalıdır. Azərbaycanın bu sahədəki səyləri nəticəsində böyük nailiyyətlər əldə edilir. Burada uşaqların 90 faizindən çoxu təhsil alır. Məktəbəhazırlıq proqramları ilə bağlı mühüm işlər görülür. Bu bizim tərəfimizdən dəstəklənir. Bu erkən təhsilin inkişafında mühüm addımlardır".

Rezident əlaqələndiricisi əlavə edib ki, təhsili əlilliyi olan uşaqlara əl çatan etməliyik: "Biz onların cəmiyyətə töhfə verməsinə çalışmalıyıq. Azərbaycan ali məktəb sahələrində də böyük uğurlara nail olub. Bu, gələcək inkişaf üçün vacibdir. Biz hökumətin çoxtərəfli əməkdaşlıqlarını dəstəkləyirik. Bu il biz BMT tərəfindən birgə kampaniyaya başlayırıq. Bura elm və təhsil sahəsini cəlb edəcəyik. Həyata keçirilən kampaniya təhsilin bütün səviyyəsində maarifləndirməyə öz töhfələrini verəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə