“Təhsilin sosial-iqtisadi inkişafda rolu” konfransı işə başlayıb YENİLƏNİB - SƏS TV
UNEC-də "Təhsilin sosial-iqtisadi inkişafda rolu" mövzusunda beynəlxalq elmi-praktiki konfrans öz işinə başlayıb. SİA-nın xəbərinə görə, konfransdan öncə tədbir iştirakçıları Fəxri xiyabanda xalqımızın Ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Ziyarətçilər həmçinin, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da əziz xatirəsini yad edərək, məzarı üstünə gül dəstələri düzüblər. UNEC-in ev sahibliyi etdiyi konfransda təhsil nazirinin müavini Ceyhun Bayramov, iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, UNEC-in rektoru, professor Ədalət Muradov, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsi Qulam İsakzai, Plexanov adına Rusiya İqtisad Universitetinin Təhsilin İnkişafı üzrə Elmi-tədqiqat İnstitutunun direktoru, professor Yevgeniya Valeriyevna Şubenkova ilə yanaşı, dövlət rəsmiləri, millər vəkilləri, ali təhsil müəssisələrinin rektorları, nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri və tanınmış ictimai xadimlər iştirak edirlər.
Konfransda ilk çıxış edən UNEC-in rektoru Ədalət Muradov bildirib ki, mövcud dövrün çağırışlarına cavab vermək üçün təhsil sahəsində, xüsusilə iqtisadiyyat sahəsində mühüm addımlar atılmalıdır. Onun sözlərinə görə, ali məktəblər cəmiyyətin bütün sahələri ilə sıx əlaqələr qurmalı, tələbələrin biliklərinin dövrün tələblərinə cavab verməsi üçün bəzi ixtisaslarda dəyişikliklər edilməlidir. Azərbaycan təhsilinin elmlə inteqrasiyası genişləndirilməli, iqtisadi tələbələrə cavab verməlidir.
Daha sonra çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov son 25 ildə Azərbaycanın sürətli inkişaf yolu keçdiyini qeyd edərək bildirib ki, ölkəmiz hazırda yeni inkişaf mərhələsinə qədəm qoyub: "Dünyada gedən böhranlara eləcə də iqtisadiyyatda baş verən proseslərə və xüsusiyyətlərə diqqət yetirməliyik".
İqtisadiyyatla təhsilin vəhdətindən söz açan nazir müavini söyləyib ki, təhsil sisteminin iqtisadiyyat, sənaye, elm müəssisələri ilə daimi bağlantısı olmalıdır.
Milli Məclisin elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli qeyd edib ki, təhsilin qarşısında duran məsələ, təbii resursların daha dərindən araşdırılması, öyrənilməsi, cəmiyyətdə istifadə edilməsindən ibarətdir.
Bu sahədə təhsilin rolundan danışan İ. Həbibəyli ölkəmizdə təhsillə bağlı mühüm qanunvericilik bazasının formalaşdığını qeyd edib.
BMT Azərbaycandakı rezident əlaqələndiricisi və BMT İnkişaf Proqramının (BMTİP) nümayəndəsi Qulam İsakzai Azərbaycanda təhsil sahəsinə göstərilən diqqətdən söz açaraq bildirib ki, BMT bu nailiyyətləri dəstəkləyir.
Daha sonra Qulam İsakzai bu sahədə Azərbaycan hökuməti ilə görülən birgə əməkdaşlıqdan və yeni həyata keçiriləcək kampaniyadan söz açıb.
İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov isə bu gün Azərbaycanda bilik iqtisadiyyatı, yeni iqtisadi modelin formalaşdığını diqqətə çatdırıb. Onun sözlərinə görə, nəticədə təhsilin inkişaf hədəfləri və prioritetləri müəyyən edilib.
Qeyd edək ki, iki gün davam edəcək konfransda "Təhsil və sosial-iqtisadi inkişaf", "Təhsil sektorunun inkişafı: qlobal meyllər, mütərəqqi təcrübələr və islahatlar", "Tədrisin keyfiyyətinin idarə edilməsinə yeni yanaşma" mövzusunda panellər üzrə yerli və xarici ekspertlərin məruzələri dinləniləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB