71 müəllimə əlavə maaş veriləcək

71 müəllimə əlavə maaş veriləcək

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Elmi Şurasının 5 iyul 2016-cı il tarixində təsdiq etdiyi "ADNSU-nun professor-müəllim heyətinə veriləcək əlavə maaşların hesablanması üçün təlimat"a uyğun olaraq universitetdə yaradılmış müvafiq komissiyada əlavə maaşların hesablanması ilə bağlı təqdim olunmuş sənədlərə baxılıb. Universitetdən SİA-ya verilən xəbərə görə, komisiyanın qərarına əsasən Geoloji-kəşfiyyat fakültəsindən (GKF) 6, Qaz-neft mədən fakültəsindən (QNMF) 7, Kimya-texnologiya fakültəsindən (KTF) 17, Neft-mexanika fakültəsindən (NMF) 9, Energetika fakültəsindən (EF) 3, İqtisadiyyat və Menecment fakültəsindən (İMF) 4, İnformasiya texnologiyaları və İdarəetmə fakültəsindən (İTİF) 17 və digərlərindən 8 nəfər olmaqla, ümumilikdə 71 nəfərin işi məlum kateqoriyalar üzrə qoyulan bal limitini keçərək əlavə əmək haqlarının artırılması üçün təqdim olunub. (71 nəfərin nəticəsi ilə https://drive.google.com/drive/folders/0B-zlcIRE45w8Qkk4Vk53eUZ5VHMlinkdə tanış ola bilərsiniz)

Qərarla bağlı apelyasiyaya vermək istəyənlər fakültələr üzrə aşağıda göstərilən tarixdə 229-cu otağa müraciət edə bilərlər:

9 yanvar – İMF, EF

10 yanvar – GKF, QNMF

11 yanvar – KTF və digərləri

12 yanvar – NMF, İTİF

"ADNSU-nun professor-müəllim heyətinə veriləcək əlavə maaşların hesablanması üçün təlimat"la bağlı yekun iclas yanvarın 13-ü saat 15:00-da ADNSU-nun rektoru, prof. Mustafa Babanlının iştirakı ilə keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə