"Azərbaycan dilində terminologiya ilə bağlı problemlər var" AÇIQLAMA

"Azərbaycan dilində terminologiya ilə bağlı problemlər var" AÇIQLAMA

"Azərbaycan dilinin həm elmi, həm də danışıq istiqamətində qrammatikasının yazılmasına ehtiyac var". Bunu SİA-ya açıqlamasında təhsil eksperti Əfdər Ağayev deyib.

O bildirib ki, Azərbaycan dilinin elmi qrammatikasının yazılması ilə bağlı ilk təşəbbüs 1928-ci ildə Bəkir Çobanzadə və Fərhad Ağayev tərəfindən irəli sürülüb: "Onların hazırladıqları "Kök qrammer" adlı kitabda ilk dəfə olaraq Azərbaycan dilinin elmi, qrammatik şərhi və izahı verilib. Durğu işarələri, kök və şəkilçilər, eləcə də morfoloji məsələlər əsas mübahisəli məsələlərdəndir ki, onların hər biri sözügedən kitabda əsaslı şəkildə öz əksini tapıb. Bilirsiniz ki, Azərbaycan uzun müddət ərəb əlifbasından istifadə etdiyinə görə, dilimizdə durğu işarələri özünü göstərməyib. Sual, nida, nöqtə və digər bu kimi durğu işarələri yalnız fikrə əsasən məlum olub. Lakin bu kitabdan sonra bu problemlər öz həllini tapıb. Təbii ki bu kitabdan sonra bir çox kitablar yazılıb. Lakin bu gün həm Azərbaycan dilinin milli xüsusiyyətlərini qorumaq, həm alınma sözlərin yazılı, elmi istiqamətində əsaslandırılması məqsədilə elmi qrammatikanın yazılmasına böyük ehtiyac var".

Ekspertin sözərinə görə, akademik qrammatika sırf tədqiqatçı dilçilər tərəfindən hazırlanmalıdır: "Elmi qrammatika dilimizin tarixi, mahiyyəti və elmi şəkildə işlək səviyyəsini bilən dilçilər tərəfindən yarana bilər. 1923-cü ildə Fərhad Ağazadə türk dilinin zənginləşdirilməsi ilə bağlı bir əsər yazmışdı və həmin əsər o zaman əlyazma şəkilində qalmışdı. Əsərdə 250-dən çox sırf Azərbaycan dilində olan son şəkilçilərin siyahısı verilib. Amma təəssüf ki, Sovet hakimiyyəti dövründə bu əsər unuduldu və 1931-ci ildə də Fərhad Ağazadə özü dünyasını dəyişdi. Sonralar isə nədənsə bizim dil tarixçilərimiz və tədqiqatçılarımız onun ümumi işi ilə tanış olsalar da, əsəri tam şəkildə araşdırmadılar".

Ə. Ağayev qeyd edib ki, hazırda həm orta, həm də ali məktəblər üçün Azərbaycan dili təhsilinin yazılmasına daha çox fikir verildiyi üçün nədənsə ciddi elmi qrammatikanın yaradılması məsələsi arxa plana keçib: "Yəqin ki, buna ehtiyac olsa da, o qədər də zərurət olmayıb. Təbii ki, bu, bir və ya iki nəfərin ortaya qoyacağı iş deyil, bunun üçün güclü dilçilərin, digər elm sahələrinin mütəxəssislərin birləşdiyi komissiya yaradılmalıdır. Ümumiyyətlə, Azərbaycan dilinin ayrı- ayrı sahələrinin – leksika, morfologiya, sintaksisin mənşəyinə qədər, kök və şəkilçilərinin formasına qədər yenidən yazılmasına ehtiyac var. Bu gün Azərbaycanda sanballı elmi tədqiqatçılarımız, alimlərimiz var ki onlarn bu işlə ciddi məşğul olsalar yeni elmi qrammatika ortaya qoya bilərlər. Təbii ki burada vəsait də önəmlidir".

Azərbaycan dilində terminologiya ilə bağlı problemlərin olduğunu deyən təhsil-eksperti ayrı-ayrı sahələrinin terminologiyasının yaradılmasına ehtiyac olduğunu qeyd edib: "Terminologiya konkret sahənin anlayışlarını ortaya qoyur. Lakin bu gün elə sahələr var ki, onların heç terminologiyası yoxdur. Nədənsə, uzun illərdir ki, pedaqoji terminologiya yaradılmayıb. Bu, elmi qrammatikanın yarılmasında da vacib olan amillərdəndir".

Bütün xəbərlər Facebook səhifəmizdə