Dekabrın 20-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı qazma qurğuları və mühəndislik xidmətləri üzrə podratçı şirkət olan "KCA Deutag" şirkətinin nümayəndələri ilə görüşüb. Universitetdən SİA-ya verilən xəbərə görə, ADNSU ilə "KCA Deutag" arasındakı uzunmüddətli əməkdaşlıqdan məmnunluğunu ifadə edən rektor, professor Mustafa Babanlı bu münasibətlərin davamlı olmasını arzuladığını bildirib. Qonaqlara ADNSU-nun "Gündəlik təcrübə proqramı" barədə məlumat verən rektor M.Babanlı əsas məqsədin tələbələrin gələcəkdə iş tapmasını asanlaşdırmaq olduğunu diqqətə çatdırıb.
"Proqramda tələbələrin həftədə 2-3 dəfə dərsdən sonra öz ixtisaslarına uyğun olaraq istehsal müəssisələrinə təcrübəyə göndərilməsi nəzərdə tutulur. Tələbələr orada azı 2-3 saat onlara verilən tapşırıqları yerinə yetirirlər. Məqsəd həm tələbələri müəssisə ilə tanış etmək həm də onların buraxılış işlərini hazırlamasını asanlaşdırmaqdır. Biz tələbələrə II kursun sonundan buraxılış işlərini təqdim edirik və III kursun əvvəlindən mövzusuna uyğun olaraq müəssisəyə təcrübəyə göndəririk. Müəssisədə 1 aya yaxın sınaq mərhələsindən sonra tələbə şirkətdə işə başlayır. Gördükləri iş qarşılığında şirkətlərin tələbələrə müəyyən simvolik məvicib verməsi də məqsədəuyğun olar. Bununla bağlı "KCA Deutag" şirkəti ilə də əməkdaşlıqlıqdan məmnun olarıq" – deyə rektor M. Babanlı bildirib.
Ötən həftə ADNSU-da universitetin məzunları üçün Məzun Karyera Sərgisinin keçirildiyini qeyd edən rektor, prof. Mustafa Babanlı sərgidə 35-dən çox şirkətin, 2000-ə yaxın isə tələbənin iştirak etdiyini vurğulayıb.
Universitetdə hazırda 14 ixtisas üzrə ingilis dilində tədris aparıldığını diqqətə çatdıran rektor qonaqlara ADNSU-nun nəfis tərtibata malik, Azərbaycan və ingilis dillərində dərc olunan "Oil and İndustry" jurnalını təqdim edib.
Səmimi qəbula görə rektor Mustafa Babanlıya təşəkkürünü bildirən "KCA Deutag" şirkətinin Dənizdə Neftçıxarma Şöbəsinin rəhbəri Rune Lorentsen ADNSU ilə əməkdaşlığın bundan sonra da davam etdirilməsi üçün əlindən gələni edəcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB