IX sinif üzrə buraxılış imtahanları nə vaxt keçiriləcək? RƏSMİ

IX sinif üzrə buraxılış imtahanları nə vaxt keçiriləcək? RƏSMİ

"IX sinif buraxılış imtahanlarının ilkin mərhələsi 2017-ci ilin fevralın sonu, mart ayının əvvəllərində aparılacaq". SİA-nın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

İlk imtahanların Bakıda olacağını deyən Məleykə Abbaszadə qeyd edib ki, daha sonra imtahanlar ölkə üzrə müəyyənləşmiş 3 istiqamət üzrə aparılacaq: " Birinci mərhələdə imtahanlara 3 həftə ərzində yekun vurulacaq ki bu da təxminən martın sonuna qədər davam edəcək. Birinci imtahanın nəticələri ikinci mərhələ başlamamışdan əvvəl, təxminən may ayının əvvəlində elan olunacaq".

Direktorlar Şurasının sədri söyləyib ki, IX sinif üzrə imtahanın II mərhələsi isə tədris bitəndən sonra 4 istiqamət üzrə həyata keçiriləcək: "İkinci mərhələdə qapalı testlər olacaq və onların nəticələri dərhal yoxlanılaraq 3-4 gün ərzində ictimaiyyətə təqdim olunacaq. Hər uşağın işi və nəticələri onun öz səhifəsində yerləşdiriləcək".

M. Abbaszadə vurğulayıb ki, XI sinfin buraxılış imtahanı ötənilki qaydada iyun ayında keçiriləcək:"Birinci mərhələ yalnız IX sinfin buraxılış imtahanlarına şamil ediləcək".

Buraxılış imtahanlarına xarici dilin əlavə edilməsi ilə bağlı suala cavab verən Direktorlar Şurasının sədri qeyd edib ki, XI siniflərin buraxılış imtahanlarında xarici dili var: "Lakin IX siniflərin buraxılış imtahanları yalnız bu il ana dili və riyaziyyatdan olacaq. Ola bilsin ki, gələn ildən etibarən IX sinif şagirdlərinin buraxılış imtahanlarına 3-cü fənn kimi xarici dil də daxil edilsin. Biz bu il bununla əlaqədar olaraq IX siniflər üzrə monitorinq imtahanları keçirib, onun nəticəsini ictimaiyyətə və Təhsil Nazirliyinə təqdim edəcəyik. Hazırda bununla bağlı müzakirələr elmi müstəvidə aparılır və sonda yekun qərar veriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə