Məzun Karyera sərgisi keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Məzun Karyera Sərgisi keçirilib. Universitetdən SİA-ya verilən xəbərə görə, sərgidə 35-ə yaxın şirkət, o cümlədən SOCAR, Azərikimya İB-nin, nümayəndələri ADNSU-nun tələbə və məzunlarlarına öz iş yerlərini təklif ediblər.

1500-dən çox tələbə və məzunun iştirak etdiyi sərgi böyük maraqla qarşılanıb. ADNSU-nun rektoru, professor Mustafa Babanlı sərgini ziyarət edərək müxtəlif şirkətlərin stendləri ilə tanış olub. Sərgi saat 10:00-dan 14:00-dək iştirakçılara açıq olub. Daha sonra ADNSU-nun rektoru, professor M.Babanlı ilə sərgidə iştirak edən şirkətlərin rəhbərləri və nümayəndələri ilə görüş keçirib. Sərginin uğurla keçdiyini bildirən rektor bu kimi tədbirlərin tələbələr, eləcə də univeristet üçün olduqca mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Univeristet və şirkətlər arasında əlaqələrin genişləndirilməsinin hər iki tərəf üçün inkişafa aparan amil olduğunu qeyd edən rektor M.Babanlı birlikdə işləməyin vacib olduğunu vurğulayıb. "Biz universitet olaraq praktikaya, tələbələrin müəssisələrdə təcrübə keçməsinə çox önəm verməliyik. ADNSU-da tədris olunan ixtisaslar məhz praktiki yönümlüdür. Biz yalnız birlikdə işləsək inkişafa və tərəqqiyə nail ola bilərik. İstərdim ki, şirkətlər də öz növbələrində ehtiyac duyduqları vakansiyalar və mövzularla bağlı bizə müraciət etsinlər və biz univeristet olaraq o mövzuları tələbələrə təqdim edək. Belə olarsa həm şirkət ona lazım olan işçini axtarmaqda çətinlik çəkməz, həm də məzunlar işsiz qalmaz. Bu Məzun Karyera Sərgisi bizim ilk təşəbbüsümüz idi. Lakin bundan sonra hər ilin may və dekabr aylarında karyera və məzun karyera sərgilərinin keçirilməsini planlaşdırırıq" - deyə rektor bildirib.

Universitetdə həyata keçirilən islahatların nəticəsi olaraq əldə olunan nailiyyətlərdən, gündəlik təcrübə proqramından və gələcək planlardan danışan rektor M.Babanlı hazırda yeni texnologiyalar əsasında istehsalın qurulması, ən müasir boyaların hazırlanamsı və ağıllı lövhələrin yaradılması üzərində iş getdiyini diqqətə çatdırıb. Rektor M.Babanlı əsas məqsədin tələbələr üçün kiçik və orta sahibkarlıqla məşğul olan müsəssisələr yaratmaq olduğunu deyib.

Daha sonra şirkət rəhbərləri və nümayəndələrlə geniş müzakirələr aparılıb. ADNSU-nun təşkilatçılığı ilə baş tutan karyera sərgisini yüksək qiymətləndirən şirkət rəhbərləri universitet-müəssisə əməkdaşlığının önəmindən danışıblar. Tədbirdə həmçinin kadr çatışmazlığı, dərs yükünün artırılması, tələbələrin problemləri və digər mövcud problemlər haqqında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə