Bu gün Təhsil Nazirliyi ADA Universitetində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı" məzunlarının akademik fəaliyyətə cəlb olunmasına dair tədbir keçirib. SİA-nın xəbərinə görə, tədbirdə təhsil naziri Mikayıl Cabbarov, ADA-nın rektoru Hafiz Paşayev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, ali təhsil müəssisələrinin rəhbərləri, magistr və doktorant məzunlar iştirak ediblər.
Təhsil naziri bildirib ki, tədbirin keçirilməsində məqsəd dayanıqlı inkişafın üçün yeni nəsil mütəxəssislərin yetişdirilməsində xarici ölkələrdə təhsil almış gənclərin fəal iştirakını təmin etməkdir. Onun özlərinə görə, "2007-2015- ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı" qəbul edilərkən Azərbaycan iqtisadiyyatının, dövlətin müasir təhsil alan kadrlara ehtiyacının ödənilməsi əsas götürülüb: "Artıq proqram çərçivəsində 3500-dən çox tələbə təqaüdlə dünyanın qabaqcıl universitetlərdə təhsil almaq hüququ qazanıb. 1470 məzun təhsilini başa vurub. Məzunlar dövlət və özəl sektorlarda müxtəlif vəzifələr tutmaqla yanaşı, ölkənin ali təhsil müəssisələrində akademik fəaliyyətə cəlb olunublar".
AMEA prezidenti bildirib ki, Azərbaycan elminin inkişafı elmlə təhsilin birgə inteqrasiyasından asılıdır. Sovetlər vaxtı bu əlaqələrin qırılmış bir vəziyyətə gətirildiyini deyən A.Əlizadə vurğulayıb ki, bunu bərpa etmək üçün hazırda lazımi işlər görülür: "Elm haqqında qanun layihəsinə əsasən artıq tədqiqat universitetləri statusu müzakirə edilir. Nəticədə universitetlər akademiya ilə şərikli böyük layihələr həyata keçirə biləcək. İndi akademiyada əsas məsələ kadr problemini həll etməkdir. Bundan əlavə, elm özü pul qazanmalıdır. İnkişaf üçün hər bir şeyi dövlətdən, büdcədən gözləməməliyik".
ADA Universitetinin rektoru Hafiz Paşayev bildirib ki, universitetlərin hər zaman hazırlıqlı müəllimlərə ehtiyacı var. Onun sözlərinə görə, ADA universiteti üçün hələ də kadr, fakültə məsələləri ciddi olaraq qalır: "Xaricdə oxuyan məzunlara çox böyük diqqət və qayğı göstərilir. Amma onlar bu gün də bir çox məsələ ilə qarşılaşır. Dövlət Proqramı çərçivəsində oxuyub Bakıya qayıdan tələbələr dövlət strukturunda işləmək istəyirsə, dövlət qulluğu imtahanında iştirak etməlidir. Halbuki dövlət bunu seçərək xərcini çəkib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB