Ulu Öndər ADNSU-da anıldı FOTOLAR

Ulu Öndər ADNSU-da anıldı FOTOLAR

Dekabrın 12-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib. Universitetdən SİA-ya verilən xəbərə görə, ADNSU-nun rektoru, professor Mustafa Babanlı, universitetin professor-müəllim heyəti və tələbələrin iştirakı ilə keçirilən tədbir 1 dəqiqəlik sükutla başlanıb. 1969-cu ilə qədərAzərbaycanın sovet ölkələri arasında son yerlərdən birini tutduğunu deyən prof. M.Babanlı Heydər Əliyevin idarəçiliyə gətirilməsindən sonra ölkəmizin aqrar-sənaye ölkəsinə çevrilərək SSRİ-də öndə gedən respublikalardan biri olduğunu vurğulayıb: "Ulu öndərin həyata keçirdiyi kadr islahatlarının nəticələrini biz bu gün də görə bilirik. Onun idarəçiliyi dövründə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması Azərbaycanın hərbi sahəsində yeni çox mühüm hadisədir".

1993-cü ildə Heydər Əliyev xalqın tələbi ilə yenidən hakimiyyət başına keçəndə Azərbaycanın vətəndaş müharibəsi ərəfəsində olduğunu bildirən rektor M.Babanlı ulu öndərin uzaqgörən siyasəti nəticəsində ölkəmizin parçalanmaq təhlükəsindən xilas olduğunu qeyd edib. "Ümummilli lider hakimiyyətə gətiriləndən sonra cəbhədə bir sıra uğurlar qazanıldı. 1994-cü ildə Atəşkəs müqaviləsi, bir neçə aydan sonra isə "Əsrin müqaviləsi"nin imzalanması ilə Azərbaycanda yeni quruculuq işləri başladı və o inkişafı cənab prezident İlham Əliyev bu gün də uğurla davam etdirir".

Ulu öndərin istər təhsil aldığı, istərsə də dövlət idarəçiliyində fəaliyyət göstərdiyi illərdə öhdəsinə düşdüyü vəzifələri artıqlaması ilə yerinə yetirdiyini deyən millət vəkili, ADNSU-nun professoru Hüseynbala Mirələmov bütün vətəndaşlara öz vəzifələrini düzgün yerinə yetirməyi tövsiyə edib.

Daha sonra çıxış edən ADNSU-nun "İctimai fənlər" kafedrasının müdiri, professor Camal Mustafayev Heydər Əliyevin sovet dönəmindəki fəaliyyəti haqqında tədbir iştirakçılarına geniş məlumat verib.

Ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşən ADNSU-nun YAP ilk təşkilatının sədri, dosent Tamilla Naibova onun "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" kəlamının bu gün hər bir vətəndaşımız üçün fəxr yeri olduğunu qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə