Qərb Universitetinin üstünlükləri 25 İL - REPORTAJ

Qərb Universitetinin üstünlükləri 25 İL - REPORTAJ

Azərbaycan Respublikasının ilk özəl universitetlərindən biri olan Qərb Universitetinin əsası 1991-ci ildə qoyulub və hal-hazırda ölkənin aparıcı universitetlərindən birinə çevrilib. Bu il 25 yaşını qeyd edən ali məktəb iqtisadi keçid və ondan sonrakı dövrdə ölkənin maraqlarını təmin edə biləcək yüksək səviyyəli mütəxəssislər yetişdirməklə Azərbaycanın iqtisadi, sosial və siyasi inkişafına dəstək vermək məqsədilə elmi müəssisə kimi təsis edilib. Dünyanın müxtəlif ölkələrindən bir çox tələbənin Universitetə axını onun beynəlxalq nüfuzundan xəbər verir.

180-dan çox yüksək səviyyəli təhsil işçisinin cəlb edildiyi 5 fakültədə 1000-dən artıq tələbə 36 ixtisas üzrə əyani və qiyabi formada bakalavr və magistr təhsili alır. Beynəlxalq səviyyədə bakalavr və magistr hazırlığının həyata keçirilməsində universitet yüksək elmi-pedaqoji potensiala əsaslanır.

Universitetin Beynəlxalq münasibətlər və politologiya kafedrasının rəhbəri, professor Cəbi Bəhramov bildirdi ki, 2011-ci ildən etibarən ali məktəbin nəzdində doktorantura və magistratura şöbəsi fəaliyyət göstərir: "Əvvəllər Qərb Universitetində yalnız magistratura şöbəsi fəaliyyət göstərirdi. Lakin sonrada Ali məktəbin rəhbərliyinin razılığı ilə edilən müraciət əsasında Qərb Universitetinin kadr potensialı nəzərə alınaraq özəl ali məktəblər içərisində ilk dəfə olaraq doktorantura şöbəsi yaradıldı. Burada beynəlxalq münasibətlər, ədəbiyyat, eləcə də iqtisadiyyat üzrə doktorantura fəaliyyət göstərir".

Professor fəaliyyət göstərdiyi universitetinin digər ali məktəblərdən fərqli olaraq zəngin kitabxanaya malik olduğunu da dedi: "Bizim kitabxanamızda digər ali məktəblərdə olmayan elmi əsərlərə rast gəlmək mümkündür. Eyni zamanda dünyanın bir çox ölkələrində nəşr olunan elmi ədəbiyyatlar var ki, həmin kitablara yalnız bu kitabxanada rast gəlmək mümkündür. Tələbələrimiz öz elmi işlərini yazarkən, tədris prosesində həmin əsərlərdən geniş şəkildə yararlanırlar. Universitetimizdə Qərb dilləri ayrıca şəkildə tədris olunduğu üçün burada tələbələrimiz xarici dildə yazılan kitablardan rahatlıqla istifadə edə bilirlər. Bu, Qərb Universitetinin üstünlüyüdür".

Qərb Universitetində peşəkar müəllim heyətinin olduğunu dilə gətirən Ali məktəbin tələbəsi Böyükzadə Aidə söylədi ki, burada dizayn fakültəsində təhsil digər ali məktəblərdə tədris olunanlardan çox fərqlənir: "Qərb Universitetində təhsil məni qane edir. Burada çox savadlı müəllimlər var. Tələbələrimiz digər ali məktəblərin tələbələrindən aktivliyinə görə fərqlənirlər. Çünki, müəllimlərimiz tələbələrə təhsil verməklə yanaşı, bizə açıq şəkildə fikirlərimizi bildirməkdə yardımçı olurlar. Bundan əlavə ali məktəbdə bizim konfranslara qoşulub, özümüzü ictimaiyyətə təqdim etməyimiz üçün geniş şərait yaradılır".

Qərb Universitetində müxtəlif proqramlar üzrə 25-dən çox xarici müəllim çalışır.

3 ildir Qərb Universitetində ingilis dili üzrə fəaliyyət göstərən əslən kanadalı olan Ross Duglas ali məktəbdəki təhsildən razı qaldığını bildirib: "Qərb Universitetində müəllimlərin fəaliyyəti və tələbələrin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılıb.

Ali məktəbdə ilk dizayner fakültəsinin məhz Qərb Universitetində fəaliyyətə başlaması onu digərlərindən fərqləndirir. Bu barədə məlumat verən Universitetin dizayner kafedrasının müdiri Pərvanə Əliyeva bildirdi ki, ali məktəb yarandığından bu günə kimi öz prinsipiallığı ilə seçilir: "Universitetimiz təhsilinin, məzunların səviyyəsinə hər zaman görə digər ali məktəblərdən fərqlənir. Azərbaycanda dizayner üzrə ilk təhsil 1996-cı ildə məhz Qərb Universitetində yaradılıb. Bizim hazırladığımız interyer, qrafik, landşaft dizayner üzrə mütəxəssislər bu gün Azərbaycanın əmək bazarında özlərinə yer tutublar və hər zaman onlara böyük tələbat vardı. Universitetimizin təhsil sistemi innovativ sistemə əsaslanır. Qərb Universiteti bir çox dünya universitetləri ilə əməkdaşlıq edir, beynəlxalq proqramlara qatılır, beynəlxalq mütəxəssislərlə mübadilə proqramları həyata keçiririk".

Öz seçimi ilə Qərb Universitetinin 4-cü kursunda təhsil alan Ramiz Allahverdiyev bu ali məktəbdə təhsil aldığı üçün fəxr hissi duyduğunu bildirib: "Qərb Universitetində auditoriyadan kənar tələbələrin həyatı çox zəngin keçir. Ali məktəbimiz tələbələrin mənəvi dünyasını zənginləşdirir. Qərb Universitetində təhsil yüksək səviyyədə keçir, burada həmçinin xarici müəllimlər də dərs deyir. Məktəbimizdə tələbələrin Qərb dillərinə yiyələnməsi və sərbəst danışması üçün gözəl mühit yaradılıb. Bu dil bilikləri tələbələrimizi başqa ölkələrə gedib orada təhsilini davam etdirmək imkanı yaradır".

Qərb Universiteti 1996-ci ildən İdarəçiliyin İnkişafı üzrə Avropa Fondunun üzvüdür. Həmçinin təhsil ocağı 1992-ci ildən YUNESKO nəzdindəki Beynəlxalq Universitetlər Assosiasiyasının, 1999-cu ildən Qara Dəniz Ölkələri Universitetlər şəbəkəsinin və 2001-ci ildən Beynəlxalq İnzibati Elmlər İnstitutunun üzvüdür.

Qərb Universitetində tələbələrə master-klass keçən Avropa Dizayn İnstitutunun Venesiya şöbəsinin direktoru İgor Efrem Zanti qeyd edib ki, başqa universitetlərdən fərqli olaraq Qərb Universitetində işləmək bizim üçün ayrı maraq kəsb edir.

Qeyd edək ki, Qərb Universitetinin nəzdində orta məktəb də fəaliyyət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə