Prezident təqaüdçüsü: “Məhz BANM gələcək planlarımı gerçəkləşdirə bilər”

Prezident təqaüdçüsü: “Məhz BANM gələcək planlarımı gerçəkləşdirə bilər”

BANM-ın İctimaiyyətlə əlaqələr şöbəsi olaraq Prezident təqaüdçüləri ilə bağlı yeni bir layihəyə başlayırıq. Bu layihəmiz "BANM-ın prezident təqaüdçülərinə 10 sual" adlanır. Beləliklə, suallarımızı BANM-ın Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının I kurs tələbəsi Reyhanə Kərimli cavablandırır.

Zəhmət olmasa, özünüz haqqında ətraflı məlumat verin.

-Mənim adım Reyhanə Kərimlidir. 1998-ci il dekabr ayının 19-da Sabirabad rayonunda anadan olmuşam. 2005-ci ildə Belarus Respublikasının Qrodno şəhərində təhsilə başlamışam. Daha sonra, 2007-ci ildən Bakı şəhəri Nizami rayonu 272 saylı orta məktəbdə təhsilimi davam etdirmişəm və 2016-cı ildə elə həmin məktəbin məzunu olmuşam.

- İmtahan geridə qaldı, indi həmin dövrlə bağlı hansı təəssüratlarınızı bizimlə bölüşə bilərsiniz?

-İmtahan dövrü ilə bağlı unudulmaz təəssüratlarım var. Həmin dövrdə bir qədər həyəcan və narahatçılıq keçirtməyimə baxmayaraq imtahanda göstərdiyim nəticənin sayəsində bütün yorğunluq və sıxıntı bir anda xoş bir xatirəyə çevrildi.

- Nə qədər bal topladınız?

- Məqsədimin 700 bal olmasına baxmayaraq, qəbul imtahanında 690 bal toplayaraq Prezident təqaüdçülərinin sırasına daxil oldum.

-Niyə məhz BANM-ı seçdiniz?

-BANM-ın ilk açıldığı ildən yüksək bal toplayan tələbələrin buraya üz tutmasını görüb, "əgər nə vaxtsa yüksək bal toplasam, mən də buranı seçəcəyəm" - deyə düşünürdüm. 10-cu sinifdə oxuyanda BANM haqqında bir qədər də məlumat topladım və əmin oldum ki, məhz BANM mənim gələcək planlarımı gerçəkləşdirə bilər.

-Ailənizin oxumağınızdakı rolu haqqında nə demək istərdiniz?

-Ailədə mənim kiçik yaşlarımdan oxumaq həvəsimin şahidi olmuşdular və həmişə mənim təhsilimi davam etdirməyimi dəstəkləyiblər.

- Ən böyük arzunuz nədir?

-Hər bir tələbə kimi mənim də arzularım, daha doğrusu, məqsədim var. Hal-hazırda ən böyük məqsədim BANM-da yaradılmış şəraitdən istifadə edərək peşəkar mühəndis olmaqdır.

- İxtisasınız haqqında nə demək istərdiniz?

-Mənim fikrimcə, hələlik hazırlıq kursunda oxuduğumdan ixtisasım haqqında tam məlumatım yoxdur, amma bu ixtisası seçməzdən əvvəl BANM-ın rəsmi səhifəsindən və digər mənbələrdən maraqlanaraq "Proseslərin avtomatlaşdırılması mühəndısliyi" ixtisasının məhz mənim arzuladığım sahə olduğuna əmin oldum.

- Hobbiniz nədir?

-Boş vaxtımda əsasən, musiqiyə qulaq asıram, amma maraqlı kitaba rast gələndə oxuyuram, xoşuma gələn eskizlər görəndə onların rəsmini çəkirəm.

- Başqa hansı maraqlarınız var?

-Uşaqlıqdan rəqsə, gimnastikanın müxtəlif növlərinə, skripka və fortepiano musiqi alətlərinə marağım var. Həmçinin, ingilis dilindən başqa, gələcəkdə alman dilini də öyrənmək istəyirəm.

- Hansı janrda kitabları oxuyursunuz?

-Janrından asılı olmayaraq klassik əsərləri oxuyuram, amma oxuduğum kitabların içində daha çox povestlər üstünlük təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə