"Diaqnostik qiymətləndirilmə peşəkarlığa təsir etmir"

"Diaqnostik qiymətləndirilmə peşəkarlığa təsir etmir"

"Müəllimlərin diaqnostik qiymətləndirilməsi onların peşəkarlığına bir mənada təsiri var. Müəllim imtahana hazırlaşdığı üçün elmi təzələnir, təcrübəsi ümumiləşir, eyni zamanda yeni metodda texnologiyaların, məntiqi və kreativ düşüncənin nədən ibarət olduğunu öyrənməyə çalışır". Bunu SİA-ya açıqlamasında təhsil-eksperti Əjdər Ağayev deyib.

Onun sözlərinə görə, diaqnostik qiymətləndirmə müəllimlərin inkişafına müsbət təsir göstərsə də, onların peşəkarlığına təsir etmir: "Çünki, peşəkarlıq sistemli yanaşma tələb edir. Peşəkarlığın sosioloji, psixoloji, metodiki, pedaqoji, iqtisadi, mənəvi tərəfləri var. Amma diaqnostik imtahanda əsas məqsəd qiymətləndirmədən keçən müəllimlərin maaşının artırılmasıdır. Müəllimlərin maaşının artması onların sosial vəziyyəti yaxşılaşır, eyni zamanda da ona olan etibara inama görə öz işini səmərəli qurmağa çalışır.

Ə. Ağayev diaqnostik imtahanların bütün regionlarda eyni zamanda keçirilməsini təklif edib: "Bakıda müəllimlərin maaşları iki ildir ki, artıb. Amma elə rayonlar var ki, orada qiymətləndirmə aparılmadığından müəllimlərin maaşı artırılmır. Təbii ki, həmin bölgələrdə olan müəllimlər də maaşlarının artırılmasını istəyirlər. Bu baxımdan düşünürəm ki, diaqnostik qiymətləndirmə kompleks şəkildə keçirilsə yaxşı olar. İmtahandan keçməyən müəllimlərə müəyyən vaxt verilir ki, o növbəti imtahana hazırlaşsın".

Məlumat üçün nəzərinizə çatdıraq ki, ötən gündən ölkənin 26 şəhər və rayonunun dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə başlanılıb. Noyabrın 23-də yekunlaşacaq qiymətləndirmədə 6000-ə yaxın müəllimin iştirakı nəzərdə tutulur.

Növbəti qiymətləndirmələr noyabrın 27-28-də Şamaxıda Qobustan, İsmayıllı, Şamaxı rayonları, dekabrın 2-4-də Şəmkir, Gədəbəy, Samux, Daşkəsən və Göygöl rayonları, dekabrın 8-10-da Ağsu, Kürdəmir, Ucar, Ağcabədi və Zərdab rayonları, dekabrın 14-15-də Biləsuvar, Salyan və Neftçala rayonları, dekabrın 19-24-də Lənkəran şəhəri, Astara, Yardımlı və Lerik rayonları üzrə keçiriləcək.

Şuşa rayonunun ümumi təhsil müəssisələrinin müəllimləri dekabr ayının 25-dən sonra Bakı şəhərində imtahan verəcəklər. Şuşanın digər rayonlarda olan ümumi təhsil müəssisələrinin müəllimləri isə diaqnostik qiymətləndirmənin keçirildiyi yaxın rayonlarda imtahanlara cəlb ediləcəklər.

2015-ci ildə diaqnostik qiymətləndirmənin keçirildiyi rayon və şəhərlərdə çalışan, müxtəlif səbəblərdən qiymətləndirmədə iştirak edə bilməyən və ya işə yeni qəbul edilən müəllimlər üçün də qiymətləndirmədə iştirak etmək məqsədilə şərait yaradılacaq. Xaçmaz rayonu üzrə diaqnostik qiymətləndirmədə iştirak edə bilməyən müəllimlər Qubada, Gəncə şəhəri üzrə müəllimlər Göygöldə, İmişli rayonu üzrə müəllimlər Kürdəmirdə, Sabirabad, Saatlı, Hacıqabul rayonları və Şirvan şəhəri üzrə müəllimlər Salyanda, Masallı və Cəlilabad rayonları üzrə müəllimlər Lənkəranda, Abşeron, Qubadlı rayonları və Sumqayıt şəhəri üzrə müəllimlər Bakı şəhərində keçiriləcək imtahanlara cəlb ediləcəklər.

Diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlər dq.edu.az saytına daxil olmaqla bu barədə ətraflı məlumat ala bilərlər. Hər bir namizədin şəxsi səhifəsində diaqnostik qiymətləndirmənin keçirilmə tarixi və vaxtı ilə bağlı məlumat yerləşdiriləcək. Eyni zamanda həmin saytda diaqnostik qiymətləndirmənin elektron qaydada kompüter vasitəsi ilə keçirilməsi və hər bir müəllimin imtahana qədər kompüterdən istifadə verdişlərinin inkişaf etdirilməsi məqsədi ilə "Simulyativ test" bölməsi yaradılıb.

Diaqnostik qiymətləndirmədə qeyd olunan rayonların dövlət ümumi təhsil müəssisələrində müddətsiz və müddətli müqavilə ilə çalışan müəllimlərlə yanaşı, gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri iştirak edəcəklər.

Diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən müəllimlərin bilik və bacarıq səviyyələri müəyyənləşdiriləcək, onların dərs yükü norması və əməkhaqqı artırılmaqla maddi rifahı yaxşılaşdırılacaq. Həmçinin həmin müəllimlər inkişafyönümlü təlimlərə cəlb ediləcəklər.

Qeyd edək ki, diaqnostik qiymətləndirmədən keçən müəllimlərin dərs yükü norması orta hesabla 1,5 dəfə, əməkhaqqı isə iki dəfə artırılacaq. Qiymətləndirmədən keçən müəllimlərin əmək haqları gələn il yanvarın 1-dən artımla hesablanacaq.

Bu qiymətləndirmədən sonra əmək haqqı artırılan müəllimlərin sayı 100 min nəfərə çatdırılacaq. Bu da ölkə üzrə hər 3 müəllimdən birinin əmək haqqının artımla ödənilməsi deməkdir.

Xatırladaq ki, 2014-cü ildə Bakıda, 2015-ci ildə isə ölkənin 3 şəhər və 9 rayonunda müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə