Müəllimlərin diaqnostik qiymətləndirilməsinə başlanılır

Müəllimlərin diaqnostik qiymətləndirilməsinə başlanılır

Təhsil Nazirliyi müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirməsinə başlayır. SİA-nın məlumatına görə, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov mətbuat konfransında deyib. Onun sözlərinə görə, bu il ilk qiymətləndirmə 21-23 noyabr tarixlərndə Quba Olimpiya İdman Kompleksində baş tutacaq. Üç gün ərzində keçirləcək imtahanlarda Qusar, Quba, Şabran, Siyəzən və Xızı rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostikasl aparılacaq. Qobustan, İsmayıllı, Şamaxı rayonlarında çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi 27-28 noyabr tarixlərində Şamaxıda, Şəmkir, Gədəbəy, Samux, Daşkəsən və Göygöl rayonları üzrə 2-4 dekabr tarixlərində Göygöldə, Ağsu, Kürdəmir, Ucar, Ağcabədi və Zərdab rayonları üzrə 8-10 dekabr tarixlərində Kürdəmirdə, Biləsuvar, Salyan və Neftçala rayonları üzrə 14-15 dekabr tarixlərində Salyanda, Lənkəran şəhəri, Astara, Yardımlı və Lerik rayonları üzrə 19-24 dekabr tarixlərində Lənkəranda keçiriləcək.

Şuşa rayonunun ümumi təhsil müəssisələrinin müəllimləri dekabr ayının 25-dən sonra Bakı şəhərində imtahan verəcəklər. Şuşanın digər rayonlarda olan ümumi təhsil müəssisələrinin müəllimləri isə diaqnostik qiymətləndirmənin keçirildiyi yaxın rayonlarda imtahanlara cəlb ediləcəklər.

Təhsil Nazirliyinin insan resurslarl şöbəsinin müdir müavini Eşqin Bağırov isə bildirib ki, müəllimlərin biliklərinin qiymətləndirilməsinə 2014-cü ildən başlanıb. Belə ki, həmin il Baklda keçirilən diaqnostikada 30 min müəllim iştirak edib: "Ötən il isə 12 rayon və şəhər üzrə keçirilən qiymətləndirmədə 30 min müəllim iştirak edib. Bu il 37 min müəllimin imtahanlarda iştirakı gözlənilir. Bununla da bütün ölkə üzrə qiymətləndirmədən keçən və əmək haqqı artırılan müəllimlərin sayı 100 min nəfərə çatacaq".

E.Bağırov əlavə edib ki, 2015-ci ildə diaqnostik qiymətləndirmənin keçirildiyi rayon və şəhərlərdə çalışan, müxtəlif səbəblərdən qiymətləndirmədə iştirak edə bilməyən və ya işə yeni qəbul edilən müəllimlər üçün də qiymətləndirmədə iştirak etmək məqsədilə şərait yaradılacaq. Belə müəllimlərin sayı ötən il qiymətləndirmənin keçirildiyi hər rayon üzrə təxminən 100 nəfərdir.

Diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlər dq.edu.az saytına daxil olmaqla bu barədə ətraflı məlumat ala bilərlər. Hər bir namizədin şəxsi səhifəsində diaqnostik qiymətləndirmənin keçirilmə tarixi və vaxtı ilə bağlı məlumat yerləşdiriləcək.

E.Bağırov vurğulayıb ki, diaqnostik qiymətləndirmədən sonra müəllimlərin əmək haqqında 40 faizə qədər artım olacaq. Hansı müəllimin maaşının nə qədər artması imtahanlardan sonra məlum olacaq. Diaqnostik qiymətləndirmədən keçməyən müəllimlər hər bölmə üzrə 10 faiz nəticəni aşmayan müəllimlərdir. Ötən il diaqnostik qiymətləndirmədə 10 faizlik həddi keçməyən müəllimlər ümumi imtahanda iştirak edənlərin təxminən 1 faizini təşkil edir".

Bütün xəbərlər Facebook səhifəmizdə