Əsərləri beynəlxalq jurnallarda dərc edilən müəlliflər mükafatlandırılıb FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu əməkdaşlıq etdiyi, dünyanın tanınmış elmi-analitik informasiya təminatçısı və mənbəyi olan "Thomson Reuters" şirkəti ilə birgə Azərbaycan elmi ictimaiyyəti üçün "Web of Science" mükafatları -2016"nı (Award Ceremony "Web of Science Awards – 2016" for Azerbaijani scientific community) təqdim edib. SİA-nın xəbərinə görə, mükafatlandırma mərasimində ilk çıxış edən fondun sədri Elçin Babayev bildirib ki, tədbir alimlərin beynəlxalq standartlara uyğun məqalələr yazması, eyni zamanda Azərbaycanda nəşr olunan elmi jurnalların səviyyəsinin daha da yüksəldilməsinə həsr olunub: "Ümumiyyətlə, son zamanlar Azərbaycanda bir çox jurnallar "Web of Science" bazasına daxil olmaqdadır. Biz də həm elmi tədqiqat institutları, universitetlər və ali təhsil məsələləri sırasında ən yaxşılarını seçib, onları təltif edəcəyik. Bunun özü daha fəal çalışan və özünün nailiyyətləri ilə öyünməyə ixtiyarı olan qurumları fərqləndirmək digərlərini bu nailiyyətlərə sövq etmək üçün stimul yaratmaqdır. Bu mənada verilən mükafatlar həm akademik qurumları, həm də ali təhsil müəssisələrini əhatə edir və 3 yeni jurnal "Web of Science" bazasına daxil edilib. Bu meylin gələcəkdə davam edəcəyini düşünürük və hesab edirik ki, gələcəkdə bu bazaya daxil olan jurnalların sayı çoxalacaq. Alim üçün ən vacib olan məsələ onun məhsulu məqalələridir ki, onların məşhur jurnallarda nəşr edilməsi və həmin jurnallara istinad edilməsi də böyük əhəmiyyət kəsb edir".
Daha sonra tədbirdə "Thomson Reuters" şirkətinin direktoru Oleq Utkin çıxış edərək söyləyib ki, mükafatçıların siyahısı təbiət elmləri, sosial və humanitar elmlər sahəsində elmi aparıcı axtarış platforması olan "Web of Science" bazası əsasında tərtib olunub. Onun sözlərinə görə, analiz "Thomson Reuters" və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu ilə əməkdaşlıq edən elmi tədqiqatlar və əqli mülkiyyət bölməsindən olan ekspertlər tərəfindən aparılıb: ""Thomson Reuters" şirkəti və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun "Elmin inkişafına görə" ən yüksək mükafatına Bakı Dövlət Universiteti və AMEA Fizika İnstitutu layiq görülüb.
Daha sonra mükafatlar, həmçinin "Web of Science" bazasında indeksləşdirilib, beynəlxalq jurnallarda dərc edilmiş və onlarla istinadlar edilmiş elmi əsərlərin müəlliflərinə təqdim edilib.
Qeyd edək ki, mükafatlandırma mərasimindən sonra Bakıda Azərbaycanda nəşr olunan elmi jurnalların redaktorları üçün "Thomson Reuters" şirkətinin və Elmin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə elm və əqli mülkiyyət üzrə aparıcı mütəxəssisləri tərəfindən "Azərbaycanın elmi jurnalları – beynəlxalq səviyyəyə doğru irəliləyiş" mövzusunda seminar-təlim (Workshop "Azerbaijani scientific journals: progressing towards international levels") keçirilib. Seminar-təlimdə uğurlu, müasir beynəlxalq səviyyəli elmi jurnalın formalaşdırılması, inkişaf etmiş ölkələrdə elmi nəşrlərin beynəlxalq səviyyədə tanıdılması, elmi əsərlərin keyfiyyətinin artırılması, elmi jurnalların və əsərlərin beynəlxalq referativ bazalarında istinadların maksimuma çatdırılması ilə bağlı diskussiyalar aparılıb. Bundan başqa, seminar-təlimdə inkişaf etməkdə olan ölkələrdə elmi jurnalların inkişaf tendensiyaları müzakirə olunub (məsələn, Open access, ORCID və CrossRef kimi), həmçinin, beynəlxalq verilənlər bazalarında işin optimallaşması ilə bağlı məlumat verilib (məsələn, "Web of Science" kimi). Belə seminar-təlimlərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB