Noyabrın 3-də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə A.S.Makarenko adına Humanitar Fənlər Təmayüllü Respublika Gimnaziyası arasında görüş keçirilib. Universitetdən SİA-ya verilən xəbərə görə, gimnaziyanın direktoru Murad Əlizadə qonaqları salamlayaraq rəhbərlik etdiyi təhsil müəssisəsi haqqında geniş məlumat verib. ADNSU ilə əməkdaşlıq əlaqələrini yüksək dəyərləndirən M.Əlizadə gimnaziyada ADNSU-nun bazasının yaradılacağını qeyd edib.
ADNSU-nun rektoru, professor Mustafa Babanlı öz çıxışında son bir il ərzində universitetdə həyata keçirilən islahatlardan danışıb. Rektor M.Babanlı görülən işlərin nəticəsi olaraq ADNSU-da tədrisin səviyyəsinin yüksəldiyini, müəllim-tələbə münasibətlərində neqativ halların aradan qaldırıldığını, imtahanların tam şəffaf şəkildə keçirildiyini bildirib.
"Bizim bazamız orta məktəblərdədir. Biz universitet olaraq mütləq orta məktəblərlə əməkdaşlığa başlamalıyıq. Bunun üçün də ADNSU-nun gimnaziyada bazası yaradılacaq. Bu məqsədlə başladığımız əməkdaşlığın təhsildə bir ilk olduğunu deyə bilərəm. Bu bizim orta məktəblə ilk tərəfdaşlıq layihəmizdir. Ümid edirəm ki, bu layihə orta məktəb şagirdlərinin gələcək ixtisas seçimində onları düzgün yola yönəldəcək və həmçinin, tələbələrimizin orta məktəbdə təcrübə keçməsində mühüm rol oynayacaq. Biz bütün tələbələrə övladımız kimi yanaşmalıyıq, onlar da öz növbəsində yaxşı oxumlı, mütəxəssis olmaqla yanaşı, həm də yaxşı vətəndaş olmalıdır"- deyə, professor M.Babanlı bildirib.
Rektorun müşaviri Rusif Hüseynov Azİİ-nin tarixi və keçdiyi inkişaf yolu haqqında şagirdlərə geniş məlumat verib. ADNSU-nun məşhur məzunları, maddi-texniki bazası, əməkdaşlıq layihələri, "Unibook", qəbul statistikası haqqında Power Point prezentasiya müəllim və şagirdlər tərəfindən maraqla qarşılanıb.
Daha sonra ADNSU ilə A.S.Makarenko adına Humanitar Fənlər Təmayüllü Respublika Gimnaziyası arasında tərəfdaşlıq müqaviləsi imzalanıb. İlk dəfədir ki, Ali məktəblə orta məktəb arasında tərəfdaşlıq müqaviləsi imzalandığı qeyd olunub. Tədbirin sonunda rektor M.Babanlı şagirdləri maraqlandıran sualları cavablandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB