Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən "Təhsili dəyərə çevirək" devizi altında reallaşdırılan "Məktəb seminarları" layihəsi çərçivəsində təşkil olunan təlim-seminarlar davam edir. Oktyabrın 25-də sayca beşinci təlim-seminar Suraxanı rayonundakı 317 saylı tam orta məktəbdə keçirilib.
SİA-nın verdiyi məlumata görə, paytaxtın ümumi təhsil məktəblərini əhatə edən "Məktəb seminarları" layihəsinin məqsədi keyfiyyətli tədris, birgə rəhbərlik, məktəblərin təşkilati mədəniyyətinin inkişafı, təhsil sahəsindəki yeniliklərin uğurla icra olunması, habelə məktəblərin "öyrənən məktəb-öyrənən təşkilat" kimi inkişaf etdirilməsinə dair mövzularda seminarlar keçirmək və bu kimi digər vacib dəyərləri təbliğ etməkdən ibarətdir.
Təlim-seminarda çıxış edən məktəbin direktoru Əliqismət Səfərov öncə rəhbərlik etdiyi təhsil ocağı haqqında tədbir iştirakçılarına məlumat verib: "Rəhbərlik etdiyim məktəb 840 yerlikdir və şagirdlərin daha əhəmiyyətli təhsil almaları üçün bütün imkanlar mövcuddur. Məktəbimiz 2007-ci ildə Təhsil Nazirliyinin sifarişi ilə inşa edilib, müəllimlərin sayı 48-dir. Təhsil ocağında əsasən orta yaş nəslinə aid pedaqoqlar, eyni zamanda gənc kadrlar çalışır. 317 nömrəli orta məktəb bir növbəlidir və 5 günlükdür. Siniflərdə şagird sıxlığı orta hesabla 27-dir. Məktəbimizdə 2 laboratoriya, 2 komputer otağı var. Ötən və bu ilki nəticələrimizə görə, 9-cu sinif şagirdlərindən bir qrupu Təhsil Nazirliyi və Bakı Şəhər Təhsil İdarəsinin rəhbərliyi tərəfindən diplomlarla təltif olunub. Qarşımıza məqsəd qoymuşuq ki, həmin diplomların sayını çoxaldaq. Bundan başqa məktəbimizin 3 müəllimi və mən kursda iştirak edərək sertifikatlar almışıq".
BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva layihənin keçirilmə məqsədlərindən və səmərəli məktəbin formalaşdırılması prosesində zəruri olan tədbirlərdən danışıb. Direktorlar qarşısında "Keyfiyyətə nəzarət işinin təşkili və təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar və BŞTİ-nin mühüm istiqamətlər üzrə fəaliyyətinin təhlili" mövzusunda çıxış edən M.Vəliyeva, həmçinin dəyərlərə sahib məktəb modelinin yaradılmasının daha optimal yolları məsələsini iştirakçıların müzakirəsinə təqdim edib.
Təlim-seminarda BŞTİ-nin İnkişaf layihələri sektorunun müdiri Lamiyə Şərəfxanova "Rayonlar üzrə məktəblərin keyfiyyət göstəricilərinin təqdimat və müzakirəsi" mövzusunda çıxış edib.
Layihə çərçivəsində ümumi təhsil məktəblərinin direktorları, direktor müavinləri, fənn müəllimləri, psixoloqlar, kitabxanaçılar, uşaq birliyi rəhbərləri, valideyn icmaları və şagirdlər üçün əvvəlcədən müəyyən olunmuş mövzularda ayrı-ayrı sessiyalar təşkil edilib.
Təlim-seminarda mövzular ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, "Təhsili dəyərə çevirək" devizi altında reallaşdırılan "Məktəb seminarları" layihəsi çərçivəsində təşkil olunan təlim-seminarların paytaxtın bütün rayonlarında keçirilməsi nəzərdə tutulub.
.png)
.png)
.png)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB