Azərbaycanda ingilis dilinin tədris keyfiyyəti qaldırılacaq

Azərbaycanda ingilis dilinin tədris keyfiyyəti qaldırılacaq

"Müəllimlərin diaqnostik qiymətləndirməsinin keçirilməsinə iki il əvvəl başlanılıb. İlk olaraq 2014-cü ildə Bakı şəhərində diaqnostik qiymətləndirmə keçrilib. 2015-ci ildən artıq yeni qaydalarla dərs yükü normasının müəyyənləşdirilməsi və bunun əsasında da əmək haqqının hesablanması həyata keçirilib". SİA-nın xəbərinə görə, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov deyib.

Ötən il ölkənin 3 şəhər və 9 rayonunda qiymətləndirilmənin davam etidirildiyini deyən nazir müavini söyləyib ki, bu il 26 rayonda noyabr-dekabr aylarında diaqnostik qiymətləndirmənin keçirilməsi planlaşdırılır: "Bununla da biz ölkə üzrə diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əhatə dairəsini 70 faizə çatdırmağı planlaşdırırıq. Başqa sözlə, islahat təxminən 100 min müəllimi əhatə edəcək. Hazırda Təhsil Nazirliyinin işçi qrupu diaqnostik qiymətləndirmə keçiriləcək 26 rayonda işçi səfərindədir: "Orada görüşlər keçirilir, müəllimlərə prosedurlar izah edilir. Təbii ki, bu izahatlar verilərkən ötən illərin təcrübəsi nəzərə alınacaq".

İngilis dili mərkəzlərinin açılması ilə bağlı məsələyə münasibət bildirən nazir müavini söyləyib ki, sözügedən məsələ şagirdlərimizin danışıq səviyyəsi ilə bağlı problemlərin aradan qaldırılmasına kömək edəcək: "Uzun illər müşahidə etdiyimiz məqam ondan ibarətdir ki, şagirdlərimizin ingilis dili üzrə qramatik göstəriciləri yaxşı olur. Amma real danışıq səviyyəsində bir sıra problemlər yaranır. Bu baxımdan düşünürəm ki, ingilis dili mərkəzlərinin açılması vasitəsilə bu problemin həllində əsaslı dönüş yarada biləcəklər. Bu gün Bakı şəhərində Təhsil Nazirliyi ilə "British Council"un birgə təşkilatçılığı ilə 3 ingilis dili mərkəzi açılıb. Mərkəzlər Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda, Fizika, Riyaziyyat, İnformatika Təmayüllü Liseydə və Bakının 23 nömrəli məktəbində açılıb. Biz burada əldə etdiyimiz nailiyyətlərdən asılı olaraq həm Bakı şəhərində həm də digər şəhər və rayonlarda belə mərkəzlərin sayını artıra biləcəyik. Burada BC-nun metodologiyası əsasında ilk növbədə müəllimlərin peşəkar inkişafı üçün şərait yaradılır. Burada müasir texnologiyalar ingilis dilinin peşəkarları tərəfindən tədris olunacaq, bunun üçün ingilis dilli mütəxəssislər cəlb olunacaq. Məqsəd ondan ibarətdir ki, bu mərkəzlərə cəlb olunan müəllimlər vasitəsilə məktəblərdə şagirdlər üçün ingilis dili tədrisinin keyfiyyəti qaldırılsın. Eyni zamanda, digər lisey və məktəblərdə yaradılan mərkəzlərdə təhsil alanların diskusiya klubları vasitəsilə təlimlərə cəlb edilməsi planlaşdırılır".

Bütün xəbərlər Facebook səhifəmizdə