Məhəbbət Vəliyeva: "Məktəbəhazırlıq qruplarının əhatəsi genişlənəcək"

Məhəbbət Vəliyeva: "Məktəbəhazırlıq qruplarının əhatəsi genişlənəcək"

Bakı şəhəri üzrə Təhsil İdarəsi yeni yaradılan ödənişsiz məktəbəhazırlıq qruplarının gələcəkdə ödənişli olması ilə bağlı səsləndirilən fikirlərə aydınlıq gətirib. SİA-nın xəbərinə görə, məsələ ilə bağlı jurnalistlərə açıqlama verən Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva səslənən fikirlərin yanlış olduğunu dilə gətirib.

Bu gün Bakıda 20400-ə yaxın uşağın məktəbəhazırlıq qruplarının təlimlərinə cəlb olunduğunu deyən. M. Vəliyeva bildirib ki, növbəti tədris ilindən qrupların əhatəsi daha da genişlənəcək: "Yeni yaradılan qruplara yalnız Bakı qeydiyyatı deyil, eyni zamanda paytaxtda qeydiyyatda olmayan şəxslərin övladları da cəlb olunub. Lakin düşünürəm ki, bu gələcəkdə problem yaradacaq. 260 məktəbdə təxminən 900-ə yaxın məktəbəhazırlıq qrupları yaradılıb. Nazirlər Kabinetİnin qərarına əsasən, Bakı üçün bu il kvota 2422 uşağı əhatə edib. Yəni Bakıda 2011-ci ildə doğulan uşaqların 55%-i təlimlərə cəlb olunub. Növbəti illərdə təbii ki, bu say artacaq və 2020-ci ilədək 90% uşağın ödənişsiz əsaslarla məktəbəhazırlıq qruplarına cəlb edilməsi nəzərdə tutulur".

Bəzi məktəblərdə məktəbəhazırlıq qruplarının təşkil edilməməsinə münasibət bildirən idarə müdiri bildirib ki, bəzi məktəblərdə tədris iki növbəli olduğu üçün çox az sayda məktəbdə məktəbəhazırlıq qrupları təşkil edilməyib: "Bakıətrafı ərazilərdə istisna hallarda məktəbəhazırlıq qrupları uşaqların sayı az olduğu halda da təşkil edilib. Belə hal Bakının Qaradağ və Xəzər rayonlarında müşahidə edilib və oradakı məktəbəhazırlıq qruplarında uşaqların sayı maksimum 15 nəfərdir. Şəhər mərkəzində isə say göstərilən normaya uyğundur. Tələblərə əsasən, məktəbə hazırlıq qruplarında uşaqların sayı minimum 15, maksimum 30 olmalıdır. Valideynlərin müraciətini nəzərə alaraq, Təhsil Nazirliyinin təkliflərinə əsasən, bu ildən 2010-cu ilin sentyabrın 16-dan dekabrın 31-ə qədər doğulan uşaqlar da məktəbəhazırlıq qruplarındakı təlimlərə cəlb edilə bilər. Bu da qaydalara olan dəyişikliklərə əsasən həyata keçirilir".

Bütün xəbərlər Facebook səhifəmizdə