Müstəqilliyimizin 25 illiyi ilə bağlı tədbir keçirilib

Müstəqilliyimizin 25 illiyi ilə bağlı tədbir keçirilib

Bu gün Bakıdakı 1 nömrəli tam orta məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikası dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş "Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan xalqının milli sərvətidir" adlı bayram tədbiri keçirilib. SIA-nın xəbərinə görə, tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndələri, BŞTİ-nin əməkdaşları, təhsil müəssisələrinin rəhbərləri, Azərbaycanın Milli Qəhrəmanları, incəsənət adamları və digər qonaqlar iştirak ediblər. Məktəbliləri milli-mənəvi dəyərlərə hörmət və Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltmək, müstəqillik illərində respublikamızın keçdiyi zəngin inkişaf yolunda qazandığı parlaq nailiyyətləri təbliğ etmək məqsədilə təşkil edilən tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva çıxış edərək Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Azərbaycanın müstəqilliyinin bərpasından sonrakı 25 ildə əldə olunmuş uğurlardan danışan idarə müdiri, təhsil sahəsində həyata keçirilən islahatların nəticələrindən söhbət açıb. Azərbaycanın inkişaf strategiyasının əsasının Ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayan M.Vəliyeva bu yolun ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini bildirib. BŞTİ-nin müdiri Azərbaycanın hərtərəfli inkişafında, həmçinin Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın mühüm xidmətləri olduğunu nəzərə çatdırıb. Daha sonra tədbirdə paytaxtın məktəbdənkənar təhsil müəssisələri və ümumi təhsil məktəblərinin bədii özfəaliyyət kollektivlərinin ifasında Vətənə həsr olunmuş şeir və mahnılar səsləndirilib, rəqslər, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə