ADNSU-da Unibook tətbiq olunur FOTOLAR

Oktyabrın 12-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) "Elektron universitet" layihəsinin rəsmi olaraq tətbiqinə başlanıb. Bu məqsədlə "Elektron universitet" sisteminin təqdimatı keçirilib. Universitetdən SİA-ya verilən xəbərə görə, təqdimat mərasimində ADNSU-nun İT departamentinin direktoru Elnur Səfərli interaktiv lövhədə sistemin necə işlədiyi və istifadə qaydaları ilə tələbələri tanış edib. O bildirib ki, "Elektron universitet" sistemi vasitəsilə tələbələr ayrı-ayrı tədris strukturları, avtomatlaşdırılmış alt sistemləri özündə birləşdirən vahid bir informasiya mühitində istənilən fənn üzrə materiallar əldə edə, eləcə də hər bir müəllimin mühazirəsi və konspektləri ilə tanış ola biləcəklər.

E.Səfərli qeyd edib ki, bütün tələbələrə portal giriş imkanı verilir və bunun üçün hər bir tələbənin xüsusi şifrəsi olacaq. Beləcə tələbələr istədikləri zaman "Unibook"a daxil olub, istədikləri məlumatı öyrənə biləcəklər. Bundan əlavə, tələbələrə portal vasitəsilə universitetin laboratoriya komplekslərinə daxil olub öz laborator işlərini aparmaq imkanı da yaradılacaq. Tələbələr bütün kafedralar haqqında məlumat ala, istənilən dərs tapşırıqlarını götürüb hazırlaya və hətta anlamadıqları mövzu haqqında internet vasitəsilə müəllimlərlə əlaqə saxlaya biləcəklər.

"Portalda universitet haqqında bütün məlumatlar, dərs cədvəlləri, fənn proqramları, elektron vəsaitlər yerləşdiriləcək. Dərslərin mövzusu müəllimlər tərəfindən doldurulacaq və hansı mövzunun nə vaxt keçildiyi qeyd olunacaq. Fənn proqamlarında isə keçilən fənnlər və ballar olacaq "- deyə, E.Səfərli bildirib.

Təqdimat mərasimində regionlarda yaşayan tələbələrin də bu proqramdan faydalana biləcəkləri qeyd olunub. Belə ki, onlar tətil zamanı paytaxta gəlmədən internet vasitəsilə "Unibook"a daxil olaraq imtahan nəticələri və topladıqları ballar haqqında məlumat ala biləcəklər.

"Hər bir tələbə ona aid olan şifrəni gizli saxlamalıdır. Şifrənin digər bir tələbənin əlinə keçməsi və yaxud itməsi zamanı tələbə özü məsuliyət daşıyır. Şifrə itdiyi təqdirdə birinci dəfə yeni şifrə ilə əvəzlənə bilər. Lakin bu hal yenidən təkrarlanarsa o zaman tələbə xüsusi qaydada cəzalandırılır və müəyyən müddət portala giriş mümkün olmur"- deyə, E.Səfərli bildirib.

Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə