Bakıda Beynəlxalq Təhsil Sərgisi açılıb SƏS TV

Bakıda Beynəlxalq Təhsil Sərgisi açılıb SƏS TV

Azərbaycanın təhsil sahəsi üzrə yeganə sərgi - 10-cu (yubiley) Beynəlxalq Təhsil Sərgisi öz işinə başlayıb. SİA-nın məlumatına görə, sərginin açılışında çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, Azərbaycanda təhsil sahəsində islahatlar və məqsədyönlü tədbirlər həyata keçirilir. İnsan kapitalının inkişafı müstəqil dövlətimizin hədəfidir və bu hədəfin gerçəkləşməsi təhsildən çox asılıdır.

O deyib ki, dünyada baş verən texnoloji inkişaf daima yenilənməyi tələb edir: "Bu sərgi vasitəsilə hər il on mindən çox ziyarətçinin təqaüd proqramları, təhsil sahəsindəki yeniliklər barədə məlumat almaq imkanı olur. Hər il olduği kimi, bu il də sərgiyə maraq yüksəkdir. Belə ki, 14 ölkədən 118 təhsil müəssisəsi və təşkilat bu sərgiyə qoşulub. Təhsil Nazirliyi sərgini həm dəstəkləyir, həm də onun fəal iştirakçısıdır. Nazirliyin stendində "Sabah", "Maarifçi" layihələri, UFAZ barədə məlumat var. Bu sərgi Azərbaycanda təhsil sahəsində hədəfə nail olmaq istiqamətində əlavə dəstək olacaq".

Polşanın Azərbaycandakı səfiri Marek Tsalka çıxışında bildirib ki, təhsil yeni nəslə təqdim ediləcək ən mühüm elementlərdən biridir və ölkənin müasirləşməsi, inkişafı üçün əsas təminatlardan biridir. O əlavə edib ki, sərgidə Polşadan bir sıra təhsil qurumları iştirak edir: Əminəm ki, bu sərgi ölkəmizin iqtisadi inkişafında nailiyyətlər əldə etməyə öz töhfəsini verəcək.

"Caspian Event Organisers" şirkətinin icraçı direktoru Bəhruz Hidayətzadə deyib ki, bu il Türkiyə, Polşa və Litva sərgidə milli stendlərlə təmsil olunur. Azərbaycanın iri müəssisələri də burada aktiv iştirak edir. O, sərgi ziyarətçilərinin sayının hər il artdığını deyib və böyük marağa səbəb olduğunu bildirib. Daha sonra qonaqlar sərgi ilə tanış olub.

Bütün xəbərlər Facebook səhifəmizdə