Azərbaycanda 1,3-2 faiz şagird icbari təhsildən yayınır

Azərbaycanda 1,3-2 faiz şagird icbari təhsildən yayınır

"İcbari ümumi orta təhsildən yayınma hallarının sayı son illərdə əhəmiyyətli dərəcədə azalıb". SİA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib. O, mediada şagirdlərin icbari təhsildən yayınması halları ilə bağlı yazılanlara münasibət bildirib.

Onun sözlərinə görə, şagirdlərin icbari təhsildən yayınmasının müxtəlif səbəbləri var: "Burada miqrasiya məsələsi, uşaq ölümləri və uşaqların səhhətində yaranan problemlər səbəb olur. Məsələn uşaq birinci sinifə Azərbaycana gəlirsə, sonrakı illərdə ölkəni tərk edir və icbari təhsildən çıxır. Ölüm halları və uşaqların sağlamlığında yaranan problemlər də icbari təhsildən uşaqların çıxmasına səbəb olur".

E. Əmrullayev qeyd edib ki, icbari təhsildən yayılan şagirdlərin sayı elə də böyük deyil: "Bizim hesablamalarımıza əsasən, 1,3-2 faiz şagird icbari təhsildən yayınır. Bu rəqəm I-VI sinif şagirdlərinin dərsə gəlmələri arasında dəyişir. Digər tərəfdən əvvəllər şagirdlərin qəbulu elektron qaydada aparılmırdı. Yazılan rəqəmlərə əsasən şişirdilmiş statistika alınırdı. Həmçinin həmin illərdə valideynlər uşaqlarını iki dəfə birinci sinifə qoyurdu. Amma indi bu mümkün deyil".

Şöbə müdiri bölgələrdə qızların da icbari təhsilə cəlb olunması ilə bağlı problemlərin olduğunu deyib. "2003-cü ildə 25-26 faiz şagird 1 yaş gec olaraq tədrisə başlayıb. 2014-cü ildə isə bu rəqəm 10 faizə düşüb. Vaxtından gec tədrisə başlayan şagirdlərin isə "2" alma ehtimalı daha çoxdur. Nəticədə o illərdə qəbul olunan uşaqların əksəriyyəti aşağı nəticə göstərir. Uşağın "2" almasının digər səbəbi davamiyyətinin aşağı olmasıdır. Ötən il bununla bağlı 6 bölgədə sıx monitorinqlər apardıq. Astara rayonunda 22 faiz, Ağcabədi rayonunda 14 faiz yaxşılaşma getdi. Bu il isə 25 rayonda monitorinqlər aparmağı düşünürük"- deyə, o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə