76 mindən çox uşaq məktəbə hazırlığa başladı

76 mindən çox uşaq məktəbə hazırlığa başladı

Bu gün Təhsil Nazirliyində press brifinq keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə nazirliyin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov, insan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov, Təhsilin inkişaf proqramları şöbəsinin müdiri Emin Əmrullayev iştirak ediblər.

Press brifinqdə çıxış edən C. Valehov bu tədris ilində ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul pilot olaraq "ASAN peşə" layihəsi üzrə Bakı və Gəncə şəhərlərində həyata keçirilib. Onun sözlərinə görə, Təhsil Nazirliyi ilə "ASAN xidmət" arasında reallaşdırılan layihə çərçivəsində 4286 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunub: "Əvvəllər peşə məktəblərinə aşağı səviyyəli oxuyanlar qəbul olunurdu. Amma bu il qəbul olunanlardan 733 nəfərinin əsas fənlər üzrə ümumi müvəffəqiyyət göstəricisi "4"-dən yuxarı olub".

C. Valehov söyləyib ki, yeni tədris ilindən ölkənin bütün rayon və şəhərlərinin ümumi təhsil məktəblərində 5 yaşlı uşaqların dövlət hesabına məktəbəhazırlıq təhsilinə başlanılıb: "2016-2017-ci tədris ili üçün respublika üzrə məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların sayı 76 min nəfərdən artıqdır. Məktəbəqədər təhsilə qəbul oktyabrın sonuna qədər davam edəcək. Bu baxımdan qruplara cəlb olunanların sayında artım olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə