Bakı şəhərindəki 32 saylı tam orta məktəbdə məktəbəhazırlıq qruplarının fəaliyyətə başlamasına həsr olunmuş tədbir keçirilib.
SİA-nın məlumatına görə, tədbirdə Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri, müəllimlər, valideynlər, uşaqlar iştirak ediblər. Azərbaycanın dövlət himni səsləndirildikdən sonra çıxış edən məktəbin direktoru Sevda Abdullayeva məktəbəhazırlıq qruplarının fəaliyyətə başlaması münasibətilə uşaqları və valideynləri təbrik edib, onlara uğurlar arzulayıb.
Qeyd edilib ki, 2016-2017-ci tədris ili üçün Bakı şəhəri üzrə 847 məktəbəhazırlıq qrupuna 19538 uşaq müraciət edib. BŞTİ-nin tabeliyindəki 254 məktəbdə həftədə 4 gün fəaliyyət göstərəcək məktəbəhazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması və onlarda müəyyən bilik və bacarıq vərdişlərinin formalaşdırılmasıdır. Məktəbəhazırlıq qruplarının məşğələləri hər il oktyabrın 1-də başlayıb, mayın 31-də başa çatacaq. Bu il oktyabrın 1-i şənbə gününə təsadüf etdiyi üçün məşğələlər oktyabrın 3-də başlayıb.
Nazirlər Kabinetinin qərarına əsasən, dövlət ümumi təhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olmuş uşaqlar qəbul olunublar. Bununla belə, valideynlərin çoxsaylı müraciətlərini nəzərə alaraq yaradılmış qrupların sayını artırmamaq şərti ilə uşaq sayı norması imkan verdiyi halda, 2010-cu ildə anadan olmuş, lakin məktəb yaşına çatmamış uşaqların da qruplara cəlbi yerli təhsil idarəetmə orqanlarına tövsiyə edilib.
Qruplarda məşğələlərin aparılması üçün təcrübəli ibtidai sinif müəllimləri seçilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB