Təhsil davamlı inkişaf strategiyasının ən önəmli istiqamətlərindən biridir FOTOLAR

Bu tezis Pirallahı müəllimlərinin sentyabr konfransının başlıca qayəsini təşkil etdi
Təhsil davamlı inkişaf strategiyasının ən önəmli istiqamətlərindən biridir FOTOLAR

"Təhsil millətin gələcəyidir" - deyən xalqımızın ümummilli lideri Heydər Əliyev bu müdrik kəlamı ilə müstəqillik yolunda ilk kövrək və eyni zamanda, inamlı addımlarını atan bir dövlətin uğurlu inkişaf yolunu göstərmiş, fəaliyyət istiqamətlərini müəyyən etmişdir. Heydər Əliyev yolunun layiqli davamçısı, Respublika Prezidenti İlham Əliyev də öz uzaqgörən siyasəti, xüsusi qayğısı ilə Azərbaycan təhsilini forma və məzmunca yeni inkişaf səviyyəsinə yüksəltməyə nail olmuşdur. Ölkəmizdə neft kapitalını intellektual mülkiyyətə yönəltməyi başlıca məqsəd hesab edən cənab İlham Əliyevin milli təhsilin inkişafına istiqamətlənən strategiyası fəal vətəndaş mövqeyi və ziyalı məsuliyyəti ilə icra olunur.

Müstəqil Azərbaycanda təhsil islahatlarına 1999-cu ildən başlanmışdır. Həmin vaxtdan ötən dövr ərzində ölkədə təhsil sistemi yeniləşmiş, təhsilin keyfiyyəti yüksəlmiş, məktəblərimizə informasiya texnologiyaları gətirilmiş, yeni məktəblərin tikilməsi, köhnələrin əsaslı təmir olunması, məktəblərin maddi-texniki bazasının gücləndirilməsi və digər sahələrdə ciddi uğurlar qazanılmışdır. Dövlət başçısı cənab İlham Əliyevin dediyi kimi: "Təhsil Azərbaycanın davamlı inkişaf strategiyasının ən önəmli istiqamətlərindən biridir. Azərbaycanın gələcək inkişafı məhz təhsillə bağlıdır". YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı, millət vəkili Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu ölkə təhsilinin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi, gənc nəslin hərtərəfli tərbiyəsi, gənclərin sağlam həyat tərzinin formalaşdırılması istiqamətində yorulmadan fəaliyyət göstərir. Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr dövlət səviyyəsində icra olunan fəaliyyət proqramına güclü dəstək verir. Fondun "Yeniləşən Azərbaycana yeni məktəb" və "Təhsilə dəstək" layihələri çərçivəsində ölkə üzrə yüzlərlə orta məktəb binası tikilib və bu proses uğurla davam etdirilir.

Bu baxımdan Pirallahı rayonunda görülən işlər xüsusilə təqdirəlayiqdir. İlk növbədə qeyd edilməlidir ki, "Bakı və ətraf qəsəbələrin inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq Pirallahı rayonundakı 6 məktəbin hamısı son illlər təmir olunaraq müasir avadanlıq və kompüter sistemləri ilə təchiz olunmuşdur. 2015-2016-cı tədris ilində rayon məktəblərində təhsil alan 2485 şagirdin təlim-tərbiyəsi ilə məktəblərdə çalışan 244 müəllim məşğul olmuşdur.

2015 - 2016-cı tədris ilini Pirallahı rayon məktəbləri üçün uğurlu hesab etmək olar. Belə ki, 6 məktəb üzrə 195 məzundan 128 abituriyent ali məktəblərə sənəd vermiş və ilkin nəticələrə görə bunlardan 71 nəfəri tələbə adını qazanmışdır. Sənəd verənlərin sayına nisbətən qəbul 55% olmuşdur. Ali məktəblərə qəbul olanlar sayı keçən illə müqayisədə 13 nəfər artmışdır. Eyni zamanda bu il yüksək bal toplayanların sayı keçən illə müqayisədə çoxluq təşkil edir. Belə ki, keçən il bu rəqəm 6 idisə, bu il 13 nəfərə yüksəlmişdir. Ali məktəblərə qəbul olanların 18%-i (13 nəfər) 500-600 arası bal toplamışdır. Ən yüksək nəticəni isə 635 balla 168 №-li tam orta məktəbin məzunu Rəşidə Əsədova göstərmişdir.

Bütün bu faktlar sentyabrın 14-də 168 №-li tam orta məktəbin akt zalında keçirilmiş Pirallahı müəllimlərinin ənənəvi sentyabr konfransında bir daha səsləndirildi.

Ölkə Prezidenti cənab İlham Əliyevin 24 avqust 2004-cü il tarixli Sərəncamına əsasən qeyd edilən 15 sentyabr - "Bilik günü"nün də qeyd edildiyi yeni dərs ilinin açılış mərasimində Bakı şəhər Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, idarə və müəssisə rəhbərləri, müəllimlər, valideynlər, ictimaiyyətin nümayəndələri iştirak etdilər. Konfransı giriş sözü ilə açıq elan edən Pirallahı rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov çıxışında son aylarda rayonda həyata keçirilən geniş abadlıq-quruculuq işlərinə də geniş yer verdi. Bildirildi ki, Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirən körpüdə tikinti-quraşdırma və sahilbərkitmə işləri davam etdirilmiş, körpünün üzərində 12 ədəd işıqlandırma dirəkləri quraşdırılmış, 180 metr kabel xətti çəkilmişdir. Körpünün girişlərində yan divarlar cilalanaraq rənglənmişdir. Kommunikasiya xətlərinin yerlərinin dəyişdirilməsi işləri davam etmiş, körpünün kənarları boyu 1116 p/m uzunluğunda məhəccər qaynaq edilərək rənglənmiş, 240 m uzunluğunda 35 kv-lıq kabel xətti 6 sırada PVC borulardan keçirilmişdir.

Eyni zamanda qəsəbə daxilindən keçən magistral yolun yenidənqurulmasına və genişləndirilməsinə hazırlıq işləri davam etdirilmişdir. Kommunikasiya xətləri üçün nəzərdə tutulan 18 ədəd gilizin (ehtiyat yeraltı keçid borular) yerləri hazırlanmış və quraşdırma işləri davam etdirilmişdir. Yol boyu yerləşən, ümumi görünüşə xələl gətirən tikililərin dam örtüklərində və fasadlarında təmir işləri aparılmaqla paralel olaraq rayon ərazisində yerləşən qeyri-yaşayış obyektləri də rayonun ümumi memarlığına uyğunlaşdırılır. Pirallahı qəsəbəsində Süleyman Bağırov və Kamil Rzayev küçələrində yerləşən bazarlarda və Səməd Vurğun küçəsində yerləşən kafedə əsaslı yenidənqurma işlərinə başlanılmışdır. 29 saylı uşaq yaradıcılıq mərkəzində və 27 ədəd yaşayış binasının fasadlarında və dam örtüklərində təmir-tikinti işləri aparılır. Mərkəzi yolun genişləndirilməsi ilə əlaqədar S.Vurğun küçəsində 9 mərtəbəli binaya gedən yolun sol hissəsində 200 m uzunluğunda hasarın tikintisi başa çatdırılmışdır. 29-cu məhəllədən başlayaraq Pirallahı İdman Zalının qarşısınadək mərkəzi yolun kənarı boyu ümumi uzunluğu 1200 m olan yeni hasarın tikintisi başa çatmaq üzrədir. Hal-hazırda hasarlarda dekorativ elementlərin quraşdırılması işləri aparılır. Eyni zamanda S.Vurğun küçəsində "Şəfa sanatoriyasının" yanındakı hasarda ağlay üzləmə işləri aparılmışdır.

Mərkəzi yol boyu yolun hər iki tərəfi boyunca "Azərsu" ASC tərəfindən yeni su xətlərinin çəkilişi davam etdirilmişdir. Tikintisi nəzərdə tutulan Balıqyetişdirmə kompleksinin ərazisi yararsız tikililərdən sökülərək təmizlənmişdir. Rayonun qaz təchizatının yaxşılaşdırılması məqsədilə mövcud xətlərin yeraltı polietilen borularla əvəz olunması işləri aparılır. Həmçinin mərkəzi yol boyu S.Vurğun küçəsi 40-cı məhəllədən başlayaraq "Gənclər parkı"na qədər olan hissədə elektrik xətlərinin yeraltı xətlərlə əvəz olunmasına başlanılmışdır. 8 ədəd müasir tipli transformator məntəqələrinin tikintisinə başlanılmışdır. S.Vurğun küçəsi 28-ci məhəllədə ulu öndər Heydər Əliyevin rəsmi asılacaq postamentin tikinti-quraşdırma işləri aparılır. Həmçinin, S.Vurğun küçəsinin sonunda, mərkəzi yolun hər iki tərəfi boyunca hasarlarda barelyeflərin hazırlanması işləri görülür.

Pirallahı qəsəbəsində magistral yolun yenidən qurulması ilə əlaqədar əhalinin təminatı üçün nəzərdə tutulmuş müxtəlif diametrli 200 metr uzunluğunda su xəttinin yeri dəyişdirilmişdir. Kamil Rzayev küçəsində avqust ayı ərzində 2368 m² asfaltbeton örtüyü təmir olunmuşdur. Rayonun "Sənaye zonası" adlanan hissəsində ayrılmış 0.80 ha torpaq sahəsində Asfaltbeton zavodunun tikilməsi üçün ərazi təmizlənərək hasara alındığını və zavodun inzibati binasının tikintisinin də yekunlaşdığını qeyd edən V.Səfixanov məktəblərin pedaqoji kollektivlərini və şagird kontingentini Pirallahı rayon İcra

Hakimiyyətinin başçısı Vasif İmanovun adından "Bilik günü" münasibəti ilə təbrik etdi və onlara təhsildə uğurlar arzuladı. Bildirildi ki, yeni tədris ilində də məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər davam etdiriləcəkdir. Belə ki, Dövlət Proqramı çərçivəsində 235 №-li tam orta məktəbin cari təmiri, eləcə də 6 sinif otağının, yeməkxana, idman zalı və kitabxananın tikintisi nəzərdə tutulmuşdur. Yenə də Dövlət Proqramına əsasən, "Çobanyastığı" körpələr evi - uşaq bağçasının əsaslı təmiri, "Cırtdan" və "Bulaq" körpələr evi - uşaq bağçalarının sökülərək yerlərində 140 yerlik körpələr evi - uşaq bağçalarının tikintisi, Gürgən qəsəbəsində "Qağayı" uşaq bağçasının sökülərək yerində 60 yerlik bağçanın tikintisi planlaşdırılmışdır. Rayonda 6 yaşadək uşaqların məktəbəqədər tərbiyə müəssisələrinə olan tələbatını ödəmək məqsədilə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə inşa edilən 140 yerlik körpələr evi - uşaq bağçasının tikintisi başa çatdırılmışdır.

Tədbirdə çıxış edən 186 №-li tam orta məktəbin direktoru Arif Xankişiyev, 168 №-li tam orta məktəbin məzunu Rəşidə Əsədova şagirdləri və başqaları dövlətimiz tərəfindən təhsilə göstərilən diqqət və qayğıya görə ölkə başçısı Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər, yeni dərs ilində rayonun pedaqoji kollektivlərinə və şagirdlərə uğurlar arzuladılar.

Sonda "Bilik günü" münasibətilə Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən 100 nəfərdən çox aztəminatlı və bu kateqoriyadan olan digər ailələrin uşaqlarına məktəbli formaları və məktəb ləvazimatları paylanıldı.

Bütün xəbərlər Facebook səhifəmizdə