ADU tələbəsinin Norveç təəssüratları

ADU tələbəsinin Norveç təəssüratları

Bu yaxınlarda Azərbaycan Dillər Universitetinin (ADU) bir qrup nümayəndəsi Oslo Beynəlxalq Yay Məktəbində iştirak edib.

ADU-dan SİA-ya verilən məlumata görə, Norveçin Təhsildə Beynəlxalq Əməkdaşlıq mərkəzinin maliyyə dəstəyi ilə (SIU) Avrasiya Təqaüd proqramı çərçivəsində 2016-cı ilin 25 iyun – 5 avqust tarixlərində davam edən Oslo Beynəlxalq Yay Məktəbində universitetimizin Beynəlxalq Münasibətlər kafedrasının 2 müəllimi "Sülh tədqiqatı", "Beynəlxalq siyasət. Norveç həyat tərzi və cəmiyyəti", Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin Skandinaviyaşünaslıq ixtisası üzrə təhsil alan 6 nəfər tələbəsi isə "Norveç dili üzrə II dil səviyyəsi" kurslarında iştirak ediblər.

Azərbaycan Dillər Universiteti ilə Oslo Universiteti arasındakı əməkdaşlığın əsasının qoyulduğu 2007-ci ildən etibarən ADU ilə Norveçin Oslo, Agder və Bergen Universitetlərinin qarşılıqlı əməkdaşlığının nəticəsi olaraq 35 nəfər müəllim, 69 bakalavr pilləsində təhsil alan tələbə bu təhsil ocaqlarında təşkil edilən fərqli ixtisaslar, xüsusilə də norveç dilinin müxtəlif səviyyələri üzrə kurslarda fəal iştirak edib və öz ixtisasları üzrə təhsil alıblar.

Avrasiya Təqaüd proqramı çərçivəsində 2016-cı ilin 25 iyun – 5 avqust tarixlərində Oslo Beynəlxalq Yay Məktəbində iştirak edən Cənanə Əhmədli 2015-2016-cı tədris ilində arzusunda olduğu Azərbaycan Dillər Universitetinin Skandinaviyaşünaslıq ixtisasına 466 balla qəbul olub. Tələbəmizin Norveç səfəri ilə bağlı təəssüratlarını sizə tədqim edirik:

-Oslo Beynəlxalq Yay Məktəbində iştirak etmək şansını necə əldə etdiniz?

-Norveç dili fənnini tədris edən Anar Rəhimov bu layihə haqqında bizi məlumatlandırdı. Müsahibə əsasında yaxşı nəticə göstərmiş tələbələrin seçilərək 6 həftəlik Norveçdə Beynəlxalq Yay Məktəbində iştirak edəcəyi ilə bağlı aldığım məlumat mənə Norveç dilini daha həvəslə öyrənməyə stimul verdi. Beləliklə, müsahibədə uğurlu nəticə göstərərək həmin tələbələrdən biri olma şansını əldə etdim.

-Norveçə səfəriniz dünyagörüşünüzün formalaşmasında nə kimi rol oynadı?

-Norveçə adaptasiya prosesim çox rahat oldu. Hər zaman Qərb təhsil sistemi maraq dairəmdə olub və ora gedən zaman artıq ixtisas müəllimlərimin sayəsində kifayət qədər məlumatım var idi. Oslo Universitetinin müəllimləri isə anlaşıqlı və təcrübəli olduqları üçün dərs müddətinin necə keçdiyi demək olar ki, hiss olunmurdu. Osloda olduğum 42 gün ərzində Norveç və ingilis dilləri üzrə bilik səviyyəmi mümkün qədər inkişaf etdirdiyimi düşünürəm. Azərbaycan Dillər Universitetində birinci kursda təhsil aldığım zaman öyrəndiklərimin Norveçdə əldə etdiyim biliklərlə tamamilə eyni olduğunu görmək məni təəccübləndirdi, eyni zamanda sevindirdi. Beynəlxalq Yay Məktəbində qısa müddət ərzində yüzlərlə ölkənin müxtəlif nümayəndələri, onların mədəniyyətləri və ölkəmiz haqqında xoş düşüncələri ilə tanış olmaq olduqca həyəcanverici və əyləncəli idi.

-Sosial-ictimai həyatda Azərbaycanın tanıdılması baxımından hansı işləri görmüsünüz?

-Norveçdə olduğum müddətdə "Norveç-Azərbaycan Gənclər təşkilatı"na üzv oldum. Yay məktəbindəki tələbələrin, həmçinin oradakı qrup yoldaşlarımın Azərbaycana xüsusi marağı var idi. Hətta Azərbaycan dilini bilən Böyük Britaniyalı qrup yoldaşım George ölkəmizi çox sevdiyini, səyahət etmək arzusunu dilə gətirirdi. Orada olduğum müddətdə Azərbaycan haqqında daha çox və düzgün istiqamətdə məlumatlar verməyə çalışırdım. Xüsusilə, iyulun 24-də keçirilən "International Cultural Evening" adlı tədbirdə Vətənimizi uğurla təmsil etdik və digər ölkələrdən olan tələbələrə Azərbaycan mətbəxinin təamlarından dadmağa şərait yaratdıq, onlara mədəniyyətimiz və tariximiz haqqında ətraflı məlumat verdik.

-Norveçdən hansı təəssüratlarla qayıtdınız?

-Norveçin inanılmaz təbiəti və inkişaf səviyyəsi məni daima cəzb edib. Avropanın ən inkişaf etmiş və həyat səviyyəsinə görə ilk sıralarda olan ölkəsində təhsil almaq və yaşamaq olduqca qürurvericidir. Vətənə isə geniş təhsil təcrübəsi və xoş xatirələrlə qayıtdım.

-Gələcəklə bağlı nə kimi planlarınız var?

-Norveçdə olduğum müddət məni bu ölkə ilə bağlı planlarımda düzgün yönləndirdi və stimul verdi. Norveç dilini inkişaf etdirərək gələcək karyeramda önəmli bir istiqamətdə addımlamağı düşünürəm.

-Tələbələrə nə demək istərdiniz?

-Tələbələrə onu demək istərdim ki, nə qədər əlçatmaz görünsə də əsla məqsədlərindən üz döndərməsinlər, onları reallaşdırmaqdan qorxmasınlar. Çünki hər şey ilk başda imkansız kimi görünə bilər, lakin əldə etdikdən sonra "imkansız" anlayışının sadəcə sözdə olduğunu anlayırsan. Həyatın bizi haralara aparacağını əsla təxmin edə bilmərik. Bir dostumun dediyi kimi, "İstəsək hər şey olar." Sadəcə istəyin və inanın.

Son olaraq mənə bu imkanı yaratdıqları üçün universitet rəhbərliyi başda olmaqla, bütün əməyi keçən hər kəsə təşəkkür edirəm.

Bütün xəbərlər Facebook səhifəmizdə