Bakıda "İdarəetmə elmi və mühəndislik idarəetməsi" ("ICMSEM 2016") mövzusunda X Beynəlxalq Konfrans öz işini davam etdirir. SİA-nın xəbərinə görə, AMEA Rəyasət heyətində keçirilən konfransda çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, ötən gün-yəni konfransın ilk günündə edilən çıxışlar bir daha göstərdi ki, elm və təhsilin daha çevik və məqsədyönlü inkişafı üçün ölkələrin reallıqlarına və eləcə də dünya təcrübəsinoin tətbiqinə üstünlük verilməlidir. Onun sözlərinə görə, Azərbaycanda da bu istiqamətdə həm təhsil qurumlarında, həm də AMEA-da böyük islahatlar aparılır: "Bununla da həm ölkə potensialını üzə çıxardır, həm də dünya elminə inteqrasiya edirik. Qrant layihələrdə Azərbaycan təmsil etmək əsas vəzifələrdəndir. Azərbaycanda gənc alimlər formalaşır, qüvvətli alim nəsli yetişir".
Daha sonra İ. Həbibəyli konfransda iştirak edən qonaqlara Azərbaycanda Azərbaycan elmi və AMEA-nın fəaliyyəti haqqında məlumat verib.
AMEA-da səmərəli elmi tədqiqatlar aparıldığını söyləyən vitse-prezident söyləyib ki, dövlət maraqlarına cavab verən Azərbaycan elmi dünya təcrübəsinə uyğun şəkildə inkişaf etdirilir: "Biz AMEA olaraq hər zaman beynəlxalq əməkdaşlığa hazırıq. AMEA son illərdə 30 ölkə ilə əməkdaşlıq sənədi imzalayıb. Bugünkü müzakirələr yeni əməkdaşlıqların əsasını qoya bilər".
Konfransın davamında çıxış edən Moldova Elmlər Akademiyasının (EA) prezidenti Georgi Duka öz ölkəsiundəki elmi inkişafdan söz açıb. O bildirib ki, Moldovada da təhsilə xüsusi diqqət verilir: "Lakin bizdə təhsilə Azərbaycandakı kimi sərmayə qoyulmur. Çünki bizim imkanlarımız Azərbaycan qədər geniş deyil. Azərbaycanın neft kimi sərvəti var. Amma buna baxmayaraq, bizdə də elmin inkişafı üçün lazımi işlər görülür. Son illərdə Moldova elmlə bağlı bir çox qrant layihələrinin qalibi olub. Bununla da biz bir çox Avropa ölkələrinə elmimizin gücünü göstərmiş olmuşuq".
Daha sonra konfransda Azərbaycan, Çin, ABŞ, Rusiya, Yaponiya və dünyanın digər ölkələrindən alim və mütəxəssislərin məruzələri dinlənilib.
Tədbir diskussiya şəklində davam edib.
Xatırladaq ki, Beynəlxalq tədbir Elm və Mühəndislik İdarəetməsi Beynəlxalq Cəmiyyəti, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti və Çinin Siçuan Universiteti tərəfindən təşkil olunub.
Qeyd edək ki, "İdarəetmə elmi və mühəndislik idarəetməsi" mövzusunda beynəlxalq konfrans 2007-ci ildən etibarən hər il dünyanın müxtəlif ölkələrində keçirilir. Bu il həmin konfransa MDB məkanında ilk dəfə olaraq Azərbaycan ev sahibliyi edir.








Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB