Bu gün Bakıda "İdarəetmə elmi və mühəndislik idarəetməsi" ("ICMSEM 2016") 10-cu konfransı öz işinə başlayıb. SİA-nın xəbərinə görə, konfransın açılış mərasimində təhsil naziri Mikayıl Cabbarov, AMEA-nın prezidenti Akif Əlizadə, eləcə də Azərbaycan və dünyanın bir sıra digər ölkələrinin nüfuzlu alimləri iştirak edib.
Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov qeyd edib ki, təhsil və elm arasında rabitələrə həsr olunan seksiyaların olması vacibdir: "Son 20 ildə ölkədəki məktəblərin 70 faizi ya təmir olunub, ya da yenidən qurulub. Əmin olmalıyıq ki, elm və təhsil iqtisadi inkişafların ehtiyacını qarşılaya bilər. Buna görə də bir sıra vacib işlər görülməlidir. Bundan başqa, Azərbaycanın son illər ərzində bir çox elmi nailiyyətləri olub".
AMEA-nın prezidenti Akif Əlizadə isə deyib ki, son dövrlərdə yeni kəşflərə imza atılıb: "Elmdə və təhsildə menecment anlayışını öz fəaliyyətimizə təlqin etməklə bir çox uğurlara imza ata bilərik. Gəncləri elmə cəlb etmək üçün daim addımlar atılır. Çünki yaxşı elm gənclik tərəfindən yaradılır. Bariz nümunədir ki, Akademiyada 70-ə yaxın magistr çalışacaq".
Xatırladaq ki, konfransın təşkilatçıları Elm və Mühəndislik İdarəetməsi Beynəlxalq Cəmiyyəti, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti və Çinin Siçuan Universitetidir.
Qeyd edək ki, "ICMSEM 2016" beynəlxalq konfransı 2007-ci ildən etibarən hər il dünyanın müxtəlif ölkələrində keçirilir. Bu il MDB məkanında ilk dəfə olaraq konfransa Azərbaycan ev sahibliyi edir. Konfrans iki gün davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB