"Vaxtilə imtahanların test üsulu ilə həyata keçirilməsinin böyük əhəmiyyəti olub. Amma hazırda bu sahədə təkmilləşməyə ehtiyac var". Bu fikirləri SİA-ya açıqlamasında təhsil üzrə ekspert Əjdər Ağayev deyib.
"O zaman test üsulunun tətbiqi çox böyük fayda verdi"
Onun sözlərinə görə, 90-cı illərin əvvəllərində ölkəmizdə mövcud olan özbaşınalıq, hakimiyyətsizlik imtahanların test üsulu ilə həyata keçirilməsinə zərurət yaratdı: "Çünki, o zaman digər sahələrdə olduğu kimi təhsildə də böyük problemlər meydana gəlmişdi. Rektorun siyahısından kənara qalan şəxs ali məktəbə bilməzdi. Belə bir zamanda test üsulunun tətbiqi çox böyük fayda verdi. Lakin bir müddətdən sonra tədrisdə xaricdən götürülmüş və Azərbaycana uyğun olmayan məsələlərin tətbiqi uşaqların orta məktəbdə hazırlığına təsirsiz ötüşmədi. Əslində test üsulu bir müddətdən sonra təkmilləşməli, inkişaf etməli idi. Amma olmadı. Dünya təcrübəsinə əsaslansaq görərik ki, test üsulu olan ölkələrdə bu sistem bir müddətdən sonra ya təkmilləşdirilir, ya da dəyişdirilir".
"Ümumilikdə test vətəndaşın biliklərini məhdudlaşdırır"
Ekspertin fikrincə, qəbul imtahanlarında şifahi və yazılı imtahan metodu obyektiv ədalətli şəkildə tətbiq edilsə, testə ehtiyac qalmaz: "Test üsulu qiymətləndirmədə obyektivlik və ədaləti gözləyə bilsə də, insanın ümumi hazırlığında, kamilləşməsində, təbiət, cəmiyyət, insanlar haqqında ətraflı biliklərə yiyələnməsində, dünya görüşünün, vətəndaşlıq mövqeyinin formalaşmasında maneələr törədir. Ümumi götürsək, bu gün test özünün müsbət nəticələrini göstərmir. Çünki, testi hazırlayanların əksəriyyəti pedoqoji fəaliyyətdən, elmdən kənarda qalan insanlardır. Əgər bir insan kitaba, dərsliyə söykənir və orada yazılanı cavab kimi göstərirsə, demək onun ümumi biliyi yoxdur. Dərsliyi yazan da səhv edə bilər. Belə olan halda, səhvi testə gətirmək düzgün deyil. Bəzən şagirdlər test zamanı düzgün variantı yazırlar, lakin qiymətləndirmə kitabla aparıldığı üçün yanlışlığa yol verilir. Düzdür, testlərin hazırlanması böyük və ağır işdir. Lakin burada insan taleyi həll edildiyi üçün çox məsuliyyətli, diqqətli olmaq lazımdır. Təhsilin qarşısında duran əsas məsələ uşaqların müstəqil, təşəbbüskar, hərtərəfli biliyə, müasir, kreativ, yaradıcı düşüncəyə, məntiqi təfəkkürə və digərlərinə malik olmasıdır. Lakin test bütün bunların qarşısını alır. Ali məktəbə ən yüksək balla daxil olan abituriyentlərimiz var ki, onlar Azərbaycan mədəniyyətindən xəbərsizdirlər. İxtisası dəqiq elm olan abituriyentlərin tarixdən anlayışı və ya əksinə humanitar fənlərə üstünlük verənlərin isə digərlərindən xəbəri yoxdur. Hətta magistrantlardan Azərbaycan bəstəkarlarını, şairlərini hətta alimlərimizi tanımayanlar var. Bütün bunlar onu göstərir ki, test vətəndaşın biliklərini məhdudlaşdırır".
"Qəbul imtahanların formasında dəyişiklik edilməlidir"
Ə. Ağayevin fikrincə, test tamamilə aradan götürülməməli, sadəcə qəbul imtahanların formasında dəyişiklik edilməlidir: "Misal üçün buraxılışla ali məktəbə qəbul imtahanları bir ola bilər. Belə olan halda, buraxılış imtahanından yüksək nəticə əldə edən şagirdlər ali məktəbə qəbul imkanı əldə edə bilərlər. Təbii ki buraxılış imtahanlarından biri mütləq şəkildə yazılı, biri şifahi, digər isə testlə olmalıdır. Burada digər ölkələrin təcrübələrindən də istifadə etmək olar. Estoniyada qəbul imtahanlarında şifahi imtahandan 1 ay sonra yazılı imtahan olur, yekuna isə müəyyən qisim test tapşırıqlarının icrası da daxil edilir. Şifahi və yazılı üsullar vasitəsilə insanın təfəkkürü, ünsiyyəti, yaradıcılığı, dünya görüşü, test üsulu ilə isə yaddaş yoxlanılır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB