İyulun 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Fransız-Azərbaycan Universitetinə (UFAZ) qəbul imtahanı keçirilib. Təhsil nazirinin müavini Ceyhun Bayramov və Fransanın Azərbaycandakı səfiri Orelia Buşez KİV nümayəndələrinin iştirakı ilə imtahan prosesini izləyiblər. Təhsil Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, mərkəzləşdirilmiş qəbul imtahanında I qrup üzrə 500 və daha çox bal toplayan abituriyentlərdən 303 nəfər UFAZ-a qəbul imtahanında iştirak etmək üçün qeydiyyatdan keçib.
İki saat davam edən imtahanda abituriyentlər ümumi təhsil pilləsindəki tədris dillərinə uyğun (Azərbaycan və ya rus) riyaziyyat, kimya, fizika və ümumi biliklər bloku üzrə hər birindən on test sualını cavablandırıb və ingilis dilində iki esse yazıblar.
İmtahanın nəticələri iyulun 29-da elan olunacaq.
İmtahan prosesindən sonra abituriyentlərlə keçirilən görüşdə təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, yeni yaradılan universitet iki ölkənin təhsil əlaqələrinin daha da inkişaf etdirilməsində mühün rol oynayacaq.
Fransanın Azərbaycandakı səfiri Orelia Buşez qeyd edib ki, Fransa-Azərbaycan təhsil əlaqələri uzun illəri əhatə edir və Bakıda Fransız Liseyinin yaradılması ilə bu əməkdaşlıq daha da möhkəmləndirilib. Hazırda bu əlaqələrin davamı kimi yeni universitet yaradılıb. Səfir bildirib ki, Fransanın tədris proqramları əsasında aparılacaq təhsil geofizika mühəndisliyi, kimya mühəndisliyi, kompüter elmləri, neft-qaz mühəndisliyi ixtisasları üzrə həyata keçiriləcək. UFAZ məzunları iki diplom (Strasburq Universiteti və ADNSU) əldə edəcəklər.
Sonra Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Strasburq Universitetinin nümayəndələri yeni ali məktəbin yaradılmasını yüksək qiymətləndirib və tələbələrə gələcək təhsillərində uğurlar arzulayıblar.
Qeyd edək ki, Fransa Respublikası və Azərbaycan Respublikası prezidentlərinin təşəbbüsü ilə yaradılan UFAZ-da 2016-2017-ci tədris ilində hər bir ixtisas üzrə dövlət sifarişi ilə 30 və ödənişli əsaslarla 10 nəfər olmaqla, ümumilikdə 160 tələbənin təhsil alması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB