"Azərbaycan üçün Öyrət" təhsil proqramı çərçivəsində həyata keçirilən "Təhsil Avtobusu" layihəsi davam edir. SİA-nın xəbərinə görə. 19-21 iyul tarixlərində layihə çərçivəsində Gəncə və Şəki şəhərlərində 100-ə yaxın şagirdin iştirakı ilə yay məktəbləri təşkil olunub.
19 iyul tarixində "Təhsil Avtobusu" Quba şəhərindən yola düşərək Gəncə şəhərinə çatıb. Yay məktəbinin açılış mərasimində Təhsil Nazirliyinin proqram rəhbəri, Gəncə şəhər Təhsil İdarəsi, Kapital Bankın Gəncə şöbəsinin rəhbərliyi, tərəfdaş qurumların və mətbuat orqanlarının nümayəndələri iştirak edib. Açılış mərasimindən dərhal sonra yay məktəbinin proqramına müvafiq olaraq tədbirlərə start verilib.
Yay məktəbi Gəncə şəhərində başa çatdıqdan sonra "Təhsil Avtobusu" Şəki şəhəri istiqamətində yola düşüb. Şəki şəhərində keçirilən təntənəli açılış mərasimində Təhsil Nazirliyinin proqram rəhbəri, Şəki şəhər Təhsil Şöbəsi, Kapital Bankın Şəki şöbəsinin rəsmiləri çıxış edərək layihənin əhəmiyyətindən bəhs ediblər. Açılış mərasimində həmçinin layihənin tərəfdaşı olan digər qurumların nümayəndələri iştirak edib. Tədbir zamanı layihə haqqında məlumat verilib, layihənin şagirdlərin dünyagörüşünün zənginləşməsi, bilik və bacarıqlarının artırılmasına imkan yaratdığı bildirilib.
Yay məktəblərində əsasən sözügedən bölgələrin zəif akademik göstəricilərə malik kənd məktəblərindən olan şagirdlər iştirak edib. Yay məktəbinin proqramı tədris prossesi və intellektual oyunlardan ibarət olub. "Təhsil Avtobusunu" böyük maraq və sevinclə qarşılayan şagirdlər yay məktəbinin ilk dəqiqələrindən peşəkar müəllim, təlimçi və ekspertlərin ətrafına toplaşıblar. Tədris proqramı çərçivəsində şagirdlər qruplar şəklində "Sağlam təhsil!", "Azərbaycan üçün oxu!", "Emosional zəka", "Özünə kömək et!", "Bisnesmənəm!", "Səndən nə asılıdır?" adlı təlimlərdə iştirak ediblər. Daha sonra onlar "Mən bir aktyoram" sosial tamaşası və "Nə? Harada? Nə zaman?" kimi intellektual oyunların iştirakçısı olublar. Yay məktəblərində iştirak edən şagirdlərə təşkilatçılar tərəfindən dəyərli hədiyyələr və sertifikat təqdim olunub.
Xatırladaq ki, "Təhsil Avtobusu" yay məktəbi layihəsinə 13 iyul tarixində başlanılıb. Layihə çərçivəsində 14-18 İyul tarixlərində Lənkəran və Quba şəhərində yay məktəbləri təşkil olunub. "Təhsil Avtobusu" yay məktəbi layihəsi Təhsil Nazirliyi, Kapital Bankın tərəfdaşlığı, "İstək" liseyi, "Şərq-Qərb" Nəşriyyat Evi, STEM təhsil mərkəzi, GR8 Şəxsi İnkişaf Proqramı, Azərbaycan İntellektual Klublar Assosiyasiyası, "YouthInc." Gənclərin Sahibkarlıq Proqramı, SABAH qrupları, "Bir" Tələbə-könüllü proqramının dəstəyi ilə həyata keçirilir. Layihənin rəsmi informasiya dəstəkçiləri Təhsil TV və Region TV-dir.
Məlumat üçün qeyd edək ki, "Azərbaycan üçün Öyrət" təhsil proqramı "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na uyğun olaraq, ümumi təhsil məktəblərində keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasını təmin edən təhsil platformasıdır. Proqramın məqsədi korporativ sosial məsuliyyət çərçivəsində təhsilin keyfiyyətinin yüksəldilməsində ictimaiyyətin iştirakına imkan yaradılması, əlavə təhsil imkanları ilə şagirdlərin bilik və dünyagörüşünün artırılmasıdır. Proqram həmçinin, şagirdlərin dərsə olan maraq və həvəsini artırmağa xidmət edir. Pilot olaraq Bakı, Gəncə, Lənkəran, Şəki və Quba şəhərlərində yerləşən ümumi təhsil məktəblərinin şagirdlərini əhatə edən proqram 2016-cı ilin aprel ayında fəaliyyətə başlayıb.





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB