TQDK imtahanların pullu olması ilə bağlı Tarif Şurasına müraciət edəcək
"Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bəzi imtahanların pullu olması ilə bağlı Tarif Şurasına müraciət edəcək". SİA-nın xəbərinə görə, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, müraciətdə komissiya tərəfindən aparılan araşdırmaların nəticəsi və bu məsələ ilə bağlı təkliflər də təqdim olunacaq: "Nəticə isə bizdən asılı olmayacaq. Hazırda TQDK-nın işçiləri dövlət qulluqçularının aldığı maaşı alırlar. TQDK ilin sonunadək dövlət tərəfindən maliyyələşdirilib. Lakin Dövlət İmtahan Mərkəzi qeydiyyata düşdükdən sonra heç bir işçi maaş almayacaq. Gələn il yanvarın 1-dən bizim heç bir işimizlə bağlı maliyyələşmə yoxdur. Bizə sadəcə 1 milyon pul veriləcək və bununla Dövlət İmtahan Mərkəzi fəaliyyətə başlayacaq".
M. Abbaszadə söyləyib ki, imtahanların pullu olması iştirakçılarının sayının azalmasına heç bir təsir göstərməyəcək: "Çünki burada qərarlar düşünülmüş şəkildə qəbul ediləcək. Müəyyən sosial ədalət nəzər alınmaqla müəyyən təbəqələrə imtahanda iştirak etmək üçün ayrı bir qiymət olacaq. Burada müxtəlif təkliflər olacaq. Amma imtahan yazılıb və sonradan gəlməyənlərin pulunu kim verəcək? İmtahanın növlərindən asılı olaraq imtahanların pulu da fərqlənəcək. Yalnız IX və XI siniflər üçün keçirilən buraxılış imtahanları pulsuz olacaq. Çünki, dövlət tərəfindən sifariş verilən imtahanlar ancaq buraxılış imtahanlardır və biz bilirik ki, dövlət digər imtahanları maliyyələşdirməyəcək. Dövlət imtahanlar üçün pul ayırmasa, bunu başqa hansı formada apara bilərik? Məlum olub ki, SAT imtahanlarının qiyməti 100-150 manat, İELTS imtahanlarının qiyməti 225 manat, Türkiyənin ali məktəblərinə imtahanların qiyməti isə 50-60 dollardır. Bizim apardığımız imtahan isə dövlətə az maliyyə vəsaitinə başa gəlirdi. Çünki əsasən proqram təminatı TQDK-nın mütəxəssisləri tərəfindən yazılırdı, kənardan proqram təminatını sifariş vermirdik. Yəqin ki, gələcəkdə də müəyyən sifarişlər əsasında imtahanlar keçiriləcək və bu xidmətlərin bir qismi yenə də vətəndaşlar üçün pulsuz olacaq. Sadəcə müəyyən adamlar var ki, TQDK-nı günahlandırmaq üçün fürsət gözləyirlər. Məsələ ilə bağlı şərh verənlər özləri öz sözlərinə cavabdehdirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB