Məktəbə hazırlıq qrupları bütün respublikanı əhatə edəcək

Məktəbə hazırlıq qrupları bütün respublikanı əhatə edəcək

"Nazirlər Kabinetinin "Uşaqların məktəbəhazırlığının təşkili məsələləri haqqında" yeni qərarında nəzərdə tutulan pulsuz məktəbəhazırlıq qrupları yeni 2016-2017-ci tədris ilindən müəyyən mərhələlərlə tətbiq ediləcək". SİA-nın xəbərinə görə bunu Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov jurnalistlərə açıqlamasında deyib.

Qərarın vaxtında verildiyini deyən şöbə müdiri söyləyib ki, bu addım Azərbaycan təhsilinin keyfiyyətinə müsbət təsir göstərəcək: "Bu, bilavasitə ibtidai təhsilə yönəlib və hazırlığın səmərəli təşkili ibtidai təhsilin keyfiyyətinə təsir göstərəcək.Bundan başqa ibtidai təhsildə uşaqların bərabər təhsil alması üçün mühüm şərait yaranacaq. Qərarla bağlı təşkilatı işlər görüləcək".

Yeni yaradılacaq qrupların ilk növbədə 2011-ci ildə doğulan uşaqlara şamil ediləcəyini dilə gətirən A. Əhmədov söyləyib ki, hazırda rayon təhsil şöbələrinə ilkin mərhələdə hansı məktəblərdə təşkil olunması və müəllimlərin müəyyənləşdirilməsi ilə bağlı tapşırıqlar verilib.

Bunun məktəbəqədər müəssisələrindəki hazırlıq qruplarına hər hansı bir təsirinə gəlincə, şöbə müdiri söyləyib ki, pulsuz məktəbəhazırlıq qruplarının yaradılması onların fəaliyyətinə heç bir təsir etməyəcək: "Bu, paralel olaraq aparılacaq. Çünki məktəbəqədər müəssisələrdə təşkil olunan hazırlıq bütün uşaqları əhatə etmək iqtidarında deyil. Çox az faiz uşaq həmin hazırlıq qruplarından bəhrələnə bilir. Artıq hökumətin qərarı ilə dövlət büdcəsinin hesabına yaradılacaq məktəbəhazırlıq qruplarının əhatə dairəsi geniş olacaq. Hazırlıq qrupları bütün respublikanı əhatə etməklə Azərbaycan və rus bölməsində təşkil ediləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə