Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu il iyunun 21-də orta ümumtəhsil müəssisələrinin IX və XI sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarının nəticələrini elan edib. TQDK-dan bildiriblər ki, imtahanın nəticələri bu qurumun internet saytında yerləşdirilib.
İmtahanda iştirak etmiş hər bir şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumatı Komissiyanın internet saytı ilə yanaşı, Azercell, Bakcell və Nar Mobile nömrələrindən mobil telefonla şagird kodunu 7727 nömrəsinə göndərməklə öyrənmək olar.
İmtahanlar Naxçıvan, Ağcabədi, Ağdam, Zərdab, Bərdə, Tərtər, Füzuli, Beyləqan, Göyçay, Ucar, Kürdəmir, Ağdaş, Yevlax, Ağsu, Abşeron rayonlarının və Sumqayıtdakı orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində mərkəzləşdirilmiş qaydada aparılıb.
IX sinif üzrə buraxılış imtahanları test üsulu ilə ana dili və riyaziyyat fənləri üzrə keçirilib. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim olunub. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi (inşa) yerinə yetiriblər. İmtahanın ümumi müddəti iki saat müəyyənləşdirilib.
İmtahanda iştirakı nəzərdə tutulan 26 min 72 şagirddən 969-u imtahana gəlməyib. dörd nəfər qaydaları pozduğu üçün (imtahan binasına mobil telefon keçirtməyə cəhd, sual kitabçaları və cavab kartlarının dəyişdirilməsi, nizam-intizam qaydalarının pozulması) imtahandan xaric edilib, bir nəfər isə cavab kartını imtahan binasından çıxarmağa cəhd göstərdiyi üçün imtahan nəticələri ləğv olunub. İştirakçılardan 37-si maksimum nəticə göstərərək 60 bal toplayıb.
XI sinif şagirdləri üçün buraxılış imtahanları test üsulu ilə ana dili, riyaziyyat və xarici dil/kimya fənləri üzrə keçirilib. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 90 test tapşırığı təqdim edilib. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetiriblər. İmtahanın ümumi müddəti 2 saat 45 dəqiqə müəyyənləşdirilib, test tapşırıqlarının yerinə yetirilməsinə 2 saat 15 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılıb.
İmtahanda iştirakı nəzərdə tutulan 21 min 188 şagirddən 753-ü imtahana gəlməyib. 30 nəfər müvafiq qaydaları pozduğu üçün imtahandan xaric edilib. İştirakçılardan 59-u maksimum nəticə göstərərək 90 bal toplayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB