Təhsil naziri: "Son 12 ildə Azərbaycan təhsili böyük inkişaf yolu keçib"

Təhsil naziri: "Son 12 ildə Azərbaycan təhsili böyük inkişaf yolu keçib"

"Azərbaycan çox qısa müddətdə aşağı gəlirli iqtisadiyyatdan orta gəlirli iqtisadiyyata sıçrayış etmək nailiyyətini əldə edib. Orta gəlirli iqtisadiyyatdan yüksək gəlirli iqtisadiyyata keçmək üçün adətlər dəyişir. Bu adətlər dəyişərkən ilk plana insan kapitalı çıxır. Ölkəmizdə də insan kapitalının formalaşdırılmasına təsir edən sistemlərdən biri təhsildir". SİA-nın xəbərinə görə, bu fikirləri təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Dövlət İqtisad Universitetində keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

Son 12 ildə ölkəmizdə təhsil sistemində görülən işlərdən danışan Mikayıl Cabbarov bildirib ki, əsası Ulu Öndər tərəfindən qoyulan və hazırda Azərbaycan Prezidenti tərəfindən uğurla davam etdirilən bu siyasətin nəticəsində Azərbaycan təhsilinin inkişafı üçün yüksək səviyyəli işlər görülüb: "Son 12 ildə Azərbaycan təhsili böyük inkişaf yolu keçib. Əgər biz ümumtəhsil sistemindən danışırıqsa, burada ölkəmizdəki məktəblərin 70 faizindən çoxunun əsaslı şəkildə təmiri və tikilməsi, minlərlə tələbənin dövlətin hesabına dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil imkanlarının təmin edilməsi, eləcə də dövlətimizdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin müasirləşdirilməsi ilə bağlı işləri qeyd etməmək mümkün deyil. Bundan başqa Azərbaycanda bu illər ərzində dünyanın aparıcı təhsil müəssisələrinin ölkəmizdə fəaliyyəti genişləndirilib. Hazırda təhsil sistemində həyata keçirilən islahatlar – təhsil sisteminin əmək bazarı ilə real iqtisadiyyat arasında əlaqələrin gücləndirilməsi qarşımızda duran əsas vəzifədir. Bu gün bizim cəmiyyətimizdə, bizim tələbələrimiz arasında formalaşan yeni təfəkkürlü Azərbaycan vətəndaşları məhz sosial biznes yanaşması ilə öz iddialarını ortaya qoyur və sosial biznes yanaşması ilə öz uğurlarına imza atır".

M. Cabbarov qeyd edib ki, həm sosial biznes, həm də təhsil cəmiyyətə töhfə vermək fəlsəfəsi ilə birləşir: "Sosial biznesin kökündə duran mövzu ondan ibarətdir ki, sahibkarlıq yalnız gəlir götürməkdən ibarət olmamalıdır, müəyyən mənada cəmiyyətə töhfə verməlidir. Təbii olaraq, təhsilin də kökü daimi ünsiyyətdədir. Məhz keyfiyyətli məhsul vermək üçün təhsil sistemində bilinməlidir ki, əmək bazarında tələb nədir".

Bütün xəbərlər Facebook səhifəmizdə